| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Etik davranış qaydaları
Çap versiyası

Azərbaycan Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə

Dövlət Komitəsinin 2011-ci il 09 mart tarixli “039” nömrəli 

əmri ilə təsdiq edilmişdir.   

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qulluq keçən dövlət qulluqçularının etik davranış 

   QAYDALARI 

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindəqulluq keçən dövlət qulluqçularınınetik davranış Qaydaları (bundan sonra – Qaydalar) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparatında və strukturuna daxil olan qurumlarda (bundan sonra – Komitə) qulluq keçən dövlət qulluqçularının (bundan sonra – dövlət qulluqçusu) qulluq etikası və xidməti davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu Qaydalar Komitədə qulluq keçən bütün dövlət qulluqçularına şamil edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunlarına, həmçinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə, o cümlədən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na müvafiq olaraq hazırlanmışdır.

1.4. Dövlət qulluqçusu öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.

1.5. Bu Qaydaların tətbiq edilməsinin əsas məqsədi Komitənin nüfuzunun artırılması, Komitəyə  və dövlət qulluqçularına ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, Komitədə korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, Komitənin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir.

II. Dövlət qulluqçularının etik davranış prinsipləri

2.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi - İnsanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət;

Bu prinsip dövlət qulluqçusunun fəaliyyətinin əsas məqsədi olmalıdır.

Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

Dövlət qulluqçusu həmçinin hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

2.2. Qanunçuluq – vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə digər normativ hüquqi və normativ xarakterli aktların, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etmək;  

2.3. Vicdanlı davranış –insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməsi;

 Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.4. Loyallıq – xidməti vəzifəsinə aid olmadığı hallarda, işlədiyi və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsi;

Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

Dövlət qulluqçusu hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, dövlət qulluqçusunun andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə işlədiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir.

Dövlət qulluqçusu açıq çıxışlarla bağlı Komitə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.

Dövlət qulluqçusu qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə əməl etməlidir.

Dövlət qulluqçusu ümumqəbul olunmuş milli əxlaq normalarına əməl etməlidir.

2.5. Mədəni davranış –ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olması;  

Dövlət qulluqçusu peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

2.6. Qərəzsizlik – xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmaq və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verilməməsi;  

Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

2.7. İctimai etimad –Azərbaycan Respublikasının, Komitənin və bu Komitədə qulluğun nüfuzunun möhkəmləndirilməsi, dövlət qulluqçusu adının, şərəf və ləyaqətinin uca tutulması;  

Dövlət qulluqçusu etik davranış qaydalarının pozulması ilə bağlı yaranmış nəticələri aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

Dövlət qulluqçusu Komitənin və onun vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - öz qulluq borcunun məsuliyyətinin dərindən dərk edilməsi, ixtisas biliklərinin  artırılması, rəhbər vəzifə tutan dövlət qulluqçuları tərəfindən tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görülməsi;

 Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə Komitəyə və bütövlükdə dövlət qulluğuna hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

III. Korrupsiyanın və dövlət qulluquğunda maraqların toqquşmasının qarşısının alınması üzrə dövlət qulluqçusunun davranışı

3.1. Dövlət qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.

Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu buna görə hər hansı haqq tələb edə bilməz.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

3.2. Dövlət qulluqçusu qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi quruma akt üzrə təhvil verilməlidir.

Tərəflərdən biri Komitə olan əqdlərdə dövlət qulluqçusu digər tərəf ola bilməz.

3.3. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

 Dövlət qulluqçusu dövlət orqanlarında qanunvericiliyin tətbiqi və ya dövlət qulluqçularının etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməlidir.

Dövlət qulluqçusu  şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməlidir.

       3.4. Dövlət qulluqçusu dövlət qulluğuna qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. 

IV. Dövlət qulluqçularının xidməti davranışı

  4.1. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

     Dövlət qulluqçusu icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməlidir.

4.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3. Dövlət qulluqçusu subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir.

4.4. Dövlət qulluqçusu xidməti vəzifəsi ilə bağlı iştirak edəcəyi tədbirlər və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalıdır.

4.5. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

Dövlət qulluqçusu dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

4.6. Dövlət qulluqçusu xidməti vəsiqəsinin saxlanılmasında məsuliyyətli olmalıdır.

4.7. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

4.8. Dövlət qulluqçusu dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.

4.9. Dövlət qulluqçusu  xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalıdır.

5.0. Dövlət qulluqçusu  vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli,vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalıdır.

5.1. Dövlət qulluqçusu  nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməlidir.

5.2. Dövlət qulluqçusu  digər dövlət qulluqçularının və vətəndaşların fikirlərinə hörmətlə yanaşmalıdır.

5.3. Dövlət qulluqçusu  zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalıdır.

5.4. Dövlət qulluqçusu  birgə və ya digər dövlət qulluqçusu tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməlidir.

5.5. Dövlət qulluqçusu  digər dövlət qulluqçusunun xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalıdir.

5.6. Dövlət qulluqçusu  хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalıdır.

5.7. Dövlət qulluqçusu  iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə hallarına) yol verməməlidir.

5.8. Dövlət qulluqçusu  alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalıdır.

5.9. Dövlət qulluqçusu  səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xidməti zərurətlə bağlı hallar istisna olmaqla, işgüzar(rəsmi) üslübda geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalıdır.

6.0. Dövlət qulluqçusu  siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməlidir.

6.1. Dövlət qulluqçusu  aralarında yaranan mübahisələrin Komitənin və dövlət qulluqçusunun nüfuzuna xələl gətirməsinə yol verməməlidir.

6.2. Dövlət qulluqçusu хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməlidir.

6.3. Dövlət qulluqçusu  kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməlidir.

6.4. Dövlət qulluqçusu  dövlət qulluqçularına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməlidir.

6.5. Dövlət qulluqçusu  rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, dövlət qulluqçusunun nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalıdır.

6.6. Dövlət qulluqçusu öz məqsəd və mənafeləri üçün digər dövlət qulluqçusunu onun hər hansı hərəkətinə görə təhdid etməməlidir.

6.7. Dövlət qulluqçusu  qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir.

6.8. Dövlət qulluqçusu  xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir.

6.9. Dövlət qulluqçusu  öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməlidir.

7.0. Dövlət qulluqçusu  irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir.

7.1. Dövlət qulluqçusu  işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməlidir.

7.2. Dövlət qulluqçusu  özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının Komitədə qulluq keçən hər hansı dövlət qulluqçusu tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir.

7.3. Dövlət qulluqçusu  qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməlidir.

7.4. Dövlət qulluqçusu  xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalıdır.

7.5. Dövlət qulluqçusu  xüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğlәrdә borclarının yaranmasına yol vermәmәlidir.

7.6. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı dövlət nəzarətini həyata keçirərkən bu Qaydalarla müəyyən edilmiş bütün normalara, o cümlədən aşağıdakılara əməl etməlidir:

- sahibkarlar, təsərüffat subyektlərinin məsul şəxsləri və ya onların qohumları (yaxınları) ilə xidmətdənkənar münasibətlər qurmamalıdır.

- sahibkarların , təsərüffat subyektlərinin şərəf və ləyaqətini, işgüzar nüfüzünü alçalda biləcək hərəkətlərə yol verməməlidir;

- vəzifələrini yerinə yetirərkən qanunu və ədalətliliyi rəhbər tutmalıdır;

- dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları yaymamalıdır;

- özünün vəzifə borclarını yerinə yetirməsi ilə yüksək nümunə göstərməli və sahibkarların rəğbətini qazanmalıdır.

                                               V. Hədiyyələr və digər imtiyazlar

 

5.1. Dövlət qulluqçusuna təqdim olunan hədiyyələr birbaşa və ya dolayı yolla onun xidməti vəzifəsinə təsir göstərmək üçün nəzərdə tutulmuşdursa, o bu hədiyyələri qəbul etməməlidir.

5.2. Heç bir dövlət qulluqçusu şəxsi istifadə məqsədilə və digər şəxslər üçün heç bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istəyə bilməz.

5.3. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qonaqpərvərliklə əlaqədar dəyərinin ümumi məbləği bir il ərzində 55 manatdan yuxarı olmayan hədiyyələrin təqdim olunması ilə bağlı hal istisna olmaqla, heç bir dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təəssurat yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu mükafat təəssuratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

5.4. Tutduğu mövqeyi nəzərə alaraq dövlət qulluqçusu ona təklif oluna biləcək rüşvətlər və ya göstərilə biləcək təzyiqlərə qarşı ayıq-sayıq olmalıdır.

5.5. Dövlət qulluqçusu xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli hədiyyə, imtiyaz təklif olunarsa, dövlət qulluqçusu bu barədə birbaşa rəhbəri vasitəsilə dərhal Daxili nəzarət şöbəsinə məlumat verməlidir.

5.6. Rəhbərlik tərəfindən səlahiyyətləndirildiyi hallardan başqa, digər hallarda dövlət qulluqçusuna Komitəyə məxsus olan avadanlıqlardan istifadə olunması qadağandır.

5.7. Komitənin vəzifəli şəxslərinə xidməti fəaliyyəti ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmayan hər hansı imtiyazların və güzəştlərin əldə edilməsi qadağan olunur.

                                      VI. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi

6.1. Dövlət qulluqçusu Komitə üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludur.

6.2. Dövlət qulluqçusu istər elektron versiyada, istərsə də digər formada saxlanılma formasından asılı olmayaraq dövlət, kommersiya və qanunla qorunan digər sirri qorumalıdırlar.

6.3. Dövlət qulluqçusu özünə məxsus şifrənin məxfiliyini qorumalı, şifrəni digər şəxslərə verməməli və digər dövlət qulluqçularının şifrəsindən istifadə etməməlidir.

6.4. Komitə üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatlardan xidməti istifadə ilə bağlı verilmiş şifrələrin məxfiliyi bu və ya digər səbəblərdən pozulduqda dövlət qulluqçusu bu barədə şöbə (sektor) müdirinə yazılı məlumat verməli və həmin şifrədən istifadə kodu bağlanmalıdır.

6.5. Dövlət qulluqçusu dövlət orqanının rəsmi e-mail ünvanından yalnız xidməti məqsədlər üçün istifadə etməlidir.

VII. Digər sahələrdə çalışma

7.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət qulluqçusu elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanının rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz.

7.2. Dövlət qulluqçusu pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün rəhbərliyə ərizə ilə müraciət etməlidir.

7.3. Pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün ərizə hər il yenilənməlidir. Əgər yenilənmək üçün heç bir ərizə təqdim olunmayıbsa, pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq bu qaydaların tələblərinin pozulması kimi qiymətləndirilir.

7.4. Pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün işə qəbul olunmanın müddəti ərizədə öz əksini tapmalıdır. Ərizədə göstərilmiş müddəti keçən hər hansı bir məşğuliyyətə görə yeni təsdiq olunma lazımdır. Əgər məşğulluğun müddətinin uzadılması məlumdursa, yeni təsdiq olunma ilə bağlı təqdim olunmuş ərizə əvvəlki təsdiq olunmuş müddət başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Əgər müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər məlum deyilsə, yeni ərizə təqdim edilməli və fəaliyyət təqdim olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir.

7.5. Pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq üçün işləmə müddətinin artırılması barədə xahiş qəbul olunmadıqda, dövlət qulluqçusu ona bu barədə yazılı münasibət bildirilməsi ilə əlaqədar əvvəlki təsdiq olunmuş müddət başa çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və bu məşğulluğu dayandırmalıdır.

7.6. Dövlət qulluqçuları Komitədəki fəaliyyətlərinə və iş qabiliyyətlərinə mənfi təsir göstərən kənar fəaliyyətdən çəkinməlidirlər.

VIII. İctimaiyyətlə qarşılıqlı əlaqə

  Dövlət qulluqçuları Komitənin işi və siyasəti haqqında kütləvi-informasiya vasitələrinə Komitə tərəfindən müəyyən edilmiş qaydada məlumat verə bilərlər.

  Dövlət qulluqçusu mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməlidir.

  Dövlət qulluqçusu dövlət orqanının fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamaldır. 

IX. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə 

9.1. Dövlət qulluqçusu xidməti vəzifələri və sair məsələlər barəsində təhqiqat, istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək üçün dəvət edildikləri halda bu barədə dərhal birbaşa rəhbərinə məlumat verməlidirlər. Onlar da öz növbəsində yuxarı rəhbərliyi məlumatlandırmalıdırlar.

9.2. Dövlət qulluqçusu tərəfindən xidməti fəaliyyətlə və xidməti vəzifəsi ilə bağlı ifadə vermək və ya sənəd təqdim etməyə dair icazə istənildikdə şöbə müdirləri icazə verməzdən əvvəl özlərindən vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdırlar.

X. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması 

10.1. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.

10.2.  Etik davranış qaydalarına əməl olunmasına nəzarət Komitənin sədri tərəfindən Daxili nəzarət şöbəsi vasitəsilə həyata keçirilir.

10.3.  Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

10.3.1. dövlət qulluqçularının xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili ;

10.3.2. dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü;

10.3.3. rəhbər vəzifə tutan dövlət qulluqçuları tərəfindən tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməsi;

10.3.4. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməsi;

10.3.5. dövlət qulluqçularına etik davranış qaydaların izah edilməsi və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməsi;

10.3.6. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməsi;

10.3.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflərin məlumatlandırılması;

10.4. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

10.5. Aşağıdakı hallarda Komitə sədrinin göstərişi əsasında Daxili nəzarət şöbəsi dövlət qulluqçusu barəsində intizam icraatına başlaya bilər:

10.5.1. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;

10.5.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın daxil olması;

10.6. Etik davranış qaydalarının müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

10.7. Aparılmış intizam icraatının nəticələri Komitə sədrinə təqdim edilir. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarını pozmuş və maraqların toqquşmasına yol vermiş dövlət qulluqçusu barədə Komitə sədri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbiri tətbiq edilə bilər.

10.8. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə Komitə sədri bu barədə cinayət təqibi orqanına məlumat verir.

 

Dövlət nəzarəti
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

28.12.2016

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı...

daha ətraflı
VİDEO XƏBƏR
24.04.2015
26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır