14 Yanvar 2022

Çay və çay məhsulları ilə əlaqədar dövlət standartı təsdiq edilib

Çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı sahəsindəki termin və tərifləri müəyyənləşdirən AZS 905:2021 “Çay və çay məhsulları. Terminlər və təriflər” adlı yeni dövlət standartı qəbul edilib.

Standartın layihəsi “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standart ilə müəyyən olunan terminlər çay və çay məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı istifadə ediləcək. Bununla yanaşı, qəbul olunan təriflərin bu sahədə olan bütün növ sənədləşmə və ədəbiyyatlarda işlənilməsi nəzərdə tutulub.

Sözügedən dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın 8.1.2 bəndinin (Çayçılıq sahəsində standartların beynəlxalq tələblərə uyğunlaşdırılması) icasını təmin etmək, həmçinin çayçılıq sahəsində məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi,  rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə beynəlxalq standartlara və müasir tələblərə uyğun olaraq hazırlanmışdır.

Bizim partnyorlarımız