16 Fevral 2022

Türkiyə Respublikasından Azərbaycana daha bir strateji dəstək!

Türkiyə Respublikası 9000-dən çox milli standartını Azərbaycana təqdim etdi. Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq əlaqələri çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Türk Standartları İnstitutu (TSE) arasında əldə edilmiş razılığa əsasən türk milli standartlarının ölkəmizdə istifadə edilməsinə imkan yaranmışdır. AZSTAND ölkə ərazisində Türkiyə standartlarının rəsmi nəşrlərini yaymaq hüququna malik olacaqdır.

Türk Standartları İnstitutunun beynəlxalq tələblərə cavab verən milli standartarının ölkəmzidə tətbiqi, insanların həyat və ya sağlamlığının, ətraf mühitin və əmlakın mühafizəsi üçün həyata keçirilən tədbirlərin icrasına töhvə verəcəkdir.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələrin, habelə standartlaşdırma obyektlərinin təhlükəsizliyi və keyfiyyətinə dair minimum tələblərin müəyyən edilməsi məqsədilə qəbul edilən normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsi fəaliyyətlərində istifadə ediləcək, keyfiyyət infrastrukturunun inkişafına xidmət edəcəkdir.

Hər iki dövlət qurumu qarşılıqlı təcrübələrdən faydalanmaq və ticarəti asanlaşdırmaq üçün standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi (sınaq, yoxlama, sertifikatlaşdırma və s.), təlimlər və digər sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi ilə fəaliyyətlərini daha aktiv formatda davam etdirəcəklər.   

TSE standartlarının kataloqu ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://azstand.gov.az/upload/files/T%C3%BCr%20standartlar%C4%B1%20(TSE)%20kataloqu.pdf

 

 

Bizim partnyorlarımız