22 Noyabr 2018

Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilati dəstəyi ilə “Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili” layihəsi başa çatmışdır

Beynəlxalq Mətbuat Mərkəzində cari ilin 22 noyabr tarixində  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Standartlaşdırma İnstitutu və “ELS Müstəqil Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qurumları, biznes strukturları, qeyri-hökumət təşkilatları,  KİV təmsilçiləri və ali məktəb tələbələrinin iştirakı ilə “Müasir texniki tənzimləmə və standartlaşdırma sistemində islahatlar: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə layihənin müəllifi,“ELS Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova layihənin mahiyyəti, məqsədi, layihə çərçivəsində görülən işlər və onun icrasından gözlənilən praktiki nəticələr haqqında ətraflı məlumat vermişdir.

“Açıq hökumətin təşviqinə dair təşəbbüslərin tədbiqinə ictimai dəstəyin təşkili”   layihəsi çərçivəsində ali məktəblərin “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Azərbaycanın milli standartlaşdırma sisteminin əsasları” və sənaye sahəsində fəaliyyət göstərən qabaqcıl şırkət və müəssisələrin mütəxəssiləri üçün “Azərbaycanın hasilat sənayesində standartlaşıdırmanın rolu” mövzusunda layihənin ekspertləri - İnstitutun Baş direktoru Namiq Tağıyev və şöbə müdiri Fəridə Bəşirova tərəfindən  keçirilmiş  treninqlərin müvafiq sahədə məlumatlılığın artırılması, biznes qurumları ilə sıx əməkdaşlıq əlaqələrin qurulması, tələbələrin peşə bilik və bacarıqlarının artırılması,  həmçinin istehsalçılara texniki tənzimləmə və standartlaşdırmanın zəruriliyi və prosedur qaydalarına dair geniş məlumat çatdırılması baxımından çox uğurlu olduğu bildirmiş, treninqlər zamanı İnstitutun bazasında fəaliyyət göstərən laboratoriyalar və Standartlar Fondu ilə vizual tanışlığın  tələbələrdə xüsus maraq doğurduğu vurğulamışdır.

Layihənin eksperti, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev çıxışında ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan ardıcıl iqtisadi islahatların məntiqi davamı olaraq 2017-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutunun yaradıldığını və İnstitutun qısa zaman kəsiyində “Texniki tənzimləmə” və “Standartlaşdırma haqqında” yeni qanun layihələri və  “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsini hazırladığını bildirmişdir. N.Tağıyev dəyirmi masa iştirakçılarına qanun layihələri və proqram haqqında ətraflı məlumat verməklə yanaşı, İnstitutun İSO və CEN –də təmsilçiliyi, beynəlxalq və Avropa standartlarının ölkədə tətbiqi, texniki komitələrin fəaliyyəti və qeyri-neft sektorunun müxtəlif sahələrində   yeni yaradılacaq texniki komitələr və güzgü komitələrlə perspektiv əməkdaşlıq əlaqələri haqqında çıxış etmiş, maraqlı tərəflərin suallarını cavablandırmışdır.

Baş direktor yeni hazırlanmış standart layihələrində bütün  maraqlı tərəflərin rəylərinin alınması və cəmiyyətin məlumatlılığının təmin edilməsi məqsədilə müvafiq ixtisas üzrə təhsil alan tələbələrin də iştirakı ilə  elektron şəbəkə sisteminin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.   

Dəyirmi masa öz işini interaktiv şəkildə açıq müzakirələrlə yekunlaşdırmışdır.

 

 

 

 

 

Bizim partnyorlarımız