05 Dekabr 2018

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli Sazişə dair danışıqlar aparılıb

Bakı Biznes Mərkəzində Azərbaycan və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə təşkil olunmuş danışıqlar prosesində Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı məqəsdilə  tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlərin, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlərin imzalandığı bildirilib. Qeyd olunub ki, Azərbaycan Aİ ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Avropa İttifaqı ölkələri tutur.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının davamlı olaraq genişlənməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev yeni Sazişin hazırlanmasının Azərbaycan Respublikası Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən 2017-ci ildə elan olunduğunu, Sazişlə bağlı danışıqların davam etdirildiyini, görüşlərin və videokonfransların təşkil olunduğunu bildirib.

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Luk Devin əlaqələrin genişləndirilməsi və yeni ikitərəfli Saziş layihəsi barədə fikirlərini bölüşüb, sənədin Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb.

İclasda Saziş layihəsinin müvafiq bölmələri üzrə aparılan müzakirələr zamanı sənədin “Ticarətdə texniki maneələr” bölməsi üzrə Azərbaycan Standartlaşdırma İnstitutun baş direktoru Namiq Tağıyev çıxış etmişdir. Baş direktor öz çıxışında Aİ-nın təşkilatçılığı ilə icra olunmuş “Azərbaycan standartlaşdırma sisteminin təkmilləşdirilməsi” adlı TWİNNİNG layihəsinin ekspetlərinin birgə səyi nəticəsində dünyanın aparıcı ölkələrində mövcud olan könüllü standartlaşdırma sisteminə keçidi təmin edən “Standartlaşdırma haqqında”  və “Texniki tənzimləmə haqqında“ qanun layihələrinin hazırlandığını, müvafiq dövlət orqanları ilə razılaşdırılaraq hökumətə təqdim edildiyini və artıq Milli Məclisdə müzakirəyə çıxarıldığını bildirmişdir.

Eyni zamanda “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinə uyğun olaraq aidiyyəti  dövlət qurumlarının rəyləri nəzərə alınmaqla Azərbaycan Standartlaşdırma İnstitutu  tərəfindən hazırlanmış “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi haqda məlumat verilmiş, proqram layihəsində uyğunluğun qiymətləndirilməsi və standartlaşdırma sahəsində qabaqcıl təcrübənin tətbiq edilməsi  və ticarətdə texniki manələrin aradan qaldırılması baxımından da mühüm əhəmiyyət kəsb edəcək Avropa direktivləri və reqlamentləri əsasında 50-dək milli texniki reqlamentlərin və istinad standartlarının (harmonized standards) qəbul olunması kimi mühüm tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilmişdir.

Bizim partnyorlarımız