06 Fevral 2019

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə Azərbaycan Standartlaşma İnstitutu memorandum imzalayıb

Fevralın 6-da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Standartlaşma İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə və Azərbaycan Standartlaşma İnstitutunun baş direktoru Namiq Tağıyev imzalayıb. Memorandumun məqsədi Azərbaycan ixracatçılarının məhsullarının beynəlxalq bazarlarda yüksək standartlara cavab verməsi üçün konsaltinq, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, “bir pəncərə” qaydasında uyğunluq sertifikatının tez və qısa müddətdə verilməsini təmin etmək üçün birgə tədbirlər planını həyata keçirməkdir. Əməkdaşlıq, həmçinin ixrac olunan məhsulların müqavilə əsasında beynəlxalq akkreditasiyadan keçən laboratoriyada sınaqdan keçirilməsi və beynəlxalq keyfiyyət idarəetməsi sahəsində nəzərdə tutulan digər xidmətlərin verilməsini təmin edəcək.

N.Hacızadə sənədin ixrac prosesinə böyük töhfə verəcəyini deyib: “Azərbaycan məhsullarının yüksək standartlara malik olması, ölkəmizin ixracının daha da artmasına təsir göstərəcək. Xüsusilə, Avropa İttifaqı ölkələrinin tələb etdiyi əsas sənədlər, mal və məhsulların yüksək standartla malik olması ilə bağlıdır. Yüksək keyfiyyətə və beynəlxalq standartlara malik məhsullar xarici bazarlarda rəqabətə daha davamlı olurlar. Qeyd olunanları nəzərə alaraq, biz Azərbaycan Standartlaşma İnstitutu ilə memorandum imzaladıq və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə daha çox xidmətlərin göstərilməsi barədə razılıq əldə etdik”.

N.Tağıyev isə bildirib ki, memorandum Azərbaycan Standartlaşma İnstitutu üçün mühüm əhəmiyyət kəsb edir: “İnstitut ixrac olunan məhsullara sahibkarların istəyinə əsasən “bir pəncərə” qaydasında dəstək göstərəcək. Məqsədimiz Azərbaycan məhsullarının həm yerli vətəndaşlar, həm də xarici vətəndaşlar üçün daha keyfiyyətli olmasıdır”.

Sonda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən bir neçə sahibkara uyğunluq sertifikatları təqdim olunub.

Bizim partnyorlarımız