13 Mart 2019

“İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” beynəlxalq standartı əsasında təlim keçirilir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” (“Cyber WEEK”) – 2019” çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə İKT-nin Tətbiqi və Tədrisi mərkəzində “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” standartı əsasında təlim keçrilir. 

İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov təlimin ilk günündə açılış nitqi ilə çıxış edərək, müasir dövrdə informasiya təhlükəsizliyi sahəsinin inkişafı və bu sahə üzrə mütəxəssislərin beynəlxalq standartların tələblərini bilməsinin çox vacib olduğunu vurğulayıb. O, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin yerli kibertəhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət ayırmasından və bu sahə üzrə müxtəlif  istiqamətlərdə təlimlərin təşkil olunmasından bəhs edib.

Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-Tədris Mərkəzi və İdarəetmə Sistemlərinin və Personalın Sertifikatlaşdırma Orqanının direktoru Saday Əliyev isə bildirib ki, rəqabətədavamlı məhsulların və keyfiyyətli xidmətlərin istehlakçılara təqdim edilməsi, müəssisənin rentabelli olması birbaşa onun personalının səriştəliliyi ilə şərtlənir.

“Bu faktor nəzərə alınmaqla, bütün dünyada beynəlxalq standarta uyğun olaraq, personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda işçi heyəti öz peşə fəaliyyəti üzrə bilik və bacarıqlarını inkişaf etdirmiş olur”.

S.Əliyev qeyd edib ki, personalın sertifikatlaşdırılması təşkilata öz mütəxəssislərinin səriştəliliyini müəyyən etməyə imkan verir.

Sözügedən təlim Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Eğitim Mərkəzi"nin rəhbəri və peşəkar təlimçisi Halil Çelik tərəfindən aparılır. H.Çelik məlumat verib ki, təlimlərin sonunda keçiriləcək beynəlxalq imtahan nəticələrinə əsasən, iştirakçılara Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınacaq sertifikatlar veriləcək.

Təlimin keçirilməsində əsas məqsəd “İSO/İEC 27001 – İnformation Security Management Systems” - informasiya təhlükəsizliyinin idarəetmə sistemləri üzrə  beynəlxalq standartının tələbləri və tətbiq üsullarına dair yerli mütəxəssisləri məlumatlandırmaqdan ibarətdir. Xatırladaq ki, kibertəhlükəsizlik həftəsi mart ayının 15-dək davam edəcək.

 

Bizim partnyorlarımız