24 Sentyabr 2022

AZSTAND-ın nümayəndə heyəti İSO-nun illik yığıncağında iştirak edib

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTAND) nümayəndə heyəti Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Abu-Dabidə keçirilən 2022-ci il üzrə İllik Yığıncağında iştirak edib.

İSO-nun prezidenti, idarəetmə heyətinin rəsmiləri, milli standartlaşdırma orqanlarının nümayəndələri, eləcə də ekspertlər və texniki işçilər daxil olmaqla 120 ölkədən 5000-dən çox nümayəndənin şəxsən və ya virtual olaraq iştirakı ilə 19-23 sentyabr tarixlərində keçirilən İllik Yığıncaq İSO təqvimində əsas hadisə idi.

Yığıncağın əsas ideyası və məqsədi planetimizin qlobal problemlərinin həlli istiqamətində birlikdə işləməyə köklənmiş insanların yeni və effektiv şəbəkələrini qurmaq, İSO-nun yeni prezidenti və digər idarəetmə orqanlarına seçkilər, Baş Assambleyanın illik toplantısı, qlobal mövzularla bağlı sesiyalar təşkil etmək, eləcə də ISO-nun əlaqədar idarəetmə görüşlərini keçirmək  idi.

Tədbirin proqramında nümayəndələr qlobal iqtisadi problemlər, ticarət, rəqəmsallaşma, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, su qıtlığı və digər standartlara aid geniş mövzular ətrafında seminarlarda iştirak ediblər.

AZSTAND-ın nümayəndə heyəti Baş Assambleyanın iclasında və seminarlarda iştirak etməklə yanaşı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Avropa Standartlaşdırma Təşkilatı (CEN/CENELEC), eləcə də Türkiyə (TSE), İngiltərə (BSİ), İtaliya (UNI), Çin (SAC), İran (İNSO), Qazaxıstan (KazStandart), Litva (LSD), Latviya (LVS) və digər olkələrin standartlaşdırma təşkilatlarının nümayəndləri ilə ikitərəfli görüşlər keçirib və memorandumlar imzalayıblar.

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız