17 May 2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbir keçirilmişdir.

17 may 2019-cu ildə  “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün bu ilki şüarı  olan “Standartlaşdırma ilə boşluqların aradan qaldırılması” mövzusuna həsr olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadə bu günün əhəmiyyətini qeyd etməklə, standartlaşdırmanın İKT sferasında rolu, iqtisadi və sosial inkişafa təsiri barədə məlumat verdi.

Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciəti iştirakçıların diqqətinə çatdırıldı.

Tədbiri Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktoru cənab Namiq Tağıyev “Rəqəmli transformasiya mühitində standartlaşmanın rolu” mövzusunda çıxışı ilə davam etdirdi. N.Tağıyev çıxışında dünya miqyasında rəqəmsal transformasiyanın təşviqinə dair strateji yanaşmalar, ölkəmizdə bu istiqamətdə aparılan islahatlar, xüsusən cənab Prezident İ.Əliyev tərəfindən müvafiq sahədə normativ-hüquqi bazanın formalaşdırılmasına dair faəliyyət haqda məlumat verdi. Natiq həmçinin rəqəmsal transformasiya mühitindəyeni texnologiyaların asan tətbiqi məqsədilə uyğunluğun və funksional qarşılıqlı əvəz etmənin təminatı,  informasiya bolluğu, genişlənmiş inteqrasiya, yeni nəsil intellektual texnologiya problemlərinin həlli, təhlükəsizliyin təmin edilməsi və risklərin minimuma endirilməsi üçün beynəlxalq standartların vacib rolunu vurğuladı, ölkəmizdə beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların işlənib hazırlanması, ekspertizası, razılaşdırılması üzrə faəliyyəti həyata keçirən “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin (TK 05) bugünədək gördüyü işlərə dair tədbir iştirakçılarını məlumatlandırdı.

Tədbirdə İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “İT mütəxəssisi hazırlığı və sertifikatlaşma”, Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə “Standartlar kibertəhlükəsizlik vasitəsi kimi” mövzularında məruzələrlə çıxış etdilər.

Tədbirin yekununda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutmuş “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu. Bununla yanaşı, AZSTAND tərəfindən cari ilin mart ayında ISO/IEC 27001:2013 standartı əsasındainformasiya təhlükəsizliyi üzrə keçirilmiş təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Bizim partnyorlarımız