14 Oktyabr 2019

“Ümumdünya Standartlar Günü”nə həsr olunmuş “Beynəlxalq standartlar keyfiyyətin təminatçısıdır” mövzusunda dəyirmi masa keçirilmişdir.

14 oktyabr 2019-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutunda “Ümumdünya Standartlar Günü”nə həsr olunmuş “Beynəlxalq standartlar keyfiyyətin təminatçısıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə dövlət qurumlarının, ölkənin aparıcı ali tədris müəssisələrinin və biznes strukturlarının nümayəndələri iştirak etmişdir.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru professor Namiq Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi sayəsində davamlı sosial - iqtisadi inkişafa nail olunduğunu,  Azərbaycanın postneft erasına uğurla addım atması üçün respublikada istehsal olunan məhsulların texniki səviyyəsinin, təhlükəsizliyinin, keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışının təmin edilməsi, bazarın və istehlakçıların tələblərinə, istehsal prosesinə, eləcə də keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə müasir yanaşmanın təmin olunması istiqamətində səmərəli işlər aparıldığını vurğuladı. Bildirdi ki, biznesin inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, investisiya mühitinin yaxşılaşdırılmasına və ixrac potensialının artırılması baxımından ölkəmizdə milli keyfiyyət infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində aparılan ardıcıl hüquqi və instusional islahatlar böyük əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il 12 iyul tarixli Fərmanı ilə beynəlxlq təcrübəyə uyğun yeni “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunmuş və Avropalı ekrpertlərin də yaxından iştirakı ilə hazırlanmış “ Texniki Tənzimləmə” haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunmuşdur.

Natiq öz çıxışında bildirdi ki, “Standartlaşdırma haqqında” qanun standartlaşdırmanın məqsəd və prinsipləri, normativ sənədlərin hazırlanması və qəbulu, bu sahədə beynəlxalq əməkdaşlıq, milli standartlaşdırma qurumunun funksiyaları, texniki komitələrin fəaliyyətinin təşkili, müəlliflik hüquqları qorunmaqla stanadartlaşdırma üzrə sənədlərin yayımı, Standartlaşdırma üzrə Dövlət Fondunun formalaşdırlması və  idarə olunması, uyğunluğun qiymətləndirilməsi kimi əhəmiyyətli məsələlərin hüquqi əsasını müəyyən edir. "Texniki tənzimləmə haqqında" yeni qanun layihəsində məhsulların, onların istehsal proseslərinə, istismarına, saxlanmasına, daşınmasına, realizə edilməsinə, utilləşdirməsinə, uyğunluğun qiymətlədirilməsinə  dair məcburi tələblər, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri, texniki reqlamentlərin işlənib hazırlanması, qəbulu və tətbiqi qaydaları, bazara nəzarət mexanizmi və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair məsələlər öz əksini tapır. N. Tağıyev müvafiq sahədə aparılan hüquqi islahlatların davamı kimi tezliklə Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən hazırlanmış “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018–2025-ci illər üzrə Dövlət Proqramı” nın layihəsinin qəbulunun nəzərdə tutulduğunu vurğuladı. Qeyd etdi ki, Proqram layihəsi uyğunluğun qiymətləndirilməsi və standartlaşdırma sahəsində Avropa direktivlərinin və reqlamentləri əsasında 44 milli texniki reqlamentin hazırlanmasını və istinad standartlarının (harmonised standards) qəbul edilməsini və ölkədə keyfiyyət infrastrukturunun inkişafına dair bir sıra digər praktiki və hüquqi məsələlərin həllini nəzərdə tutur. Baş direktor uğurla  həyata keçirilən instusional və qanunvericilklə bağlı ardıcıl islahatların dünya iqtisadiyyatına və beynəlxalq sistemə bərabərhüquqlu tərəfdaş kimi inteqrasiya, sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmini, istehsala dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsi, istehlakçıların aldadılması hallarının qarşısının alınması, standartlaşdırma sistemində özəl sektorun daha aktiv iştirakı, mütərəqqi standartların tətbiqi ilə ölkədə istehsal olunan məhsulların təhlükəsizlik səviyyəsi və keyfiyyətinin yüksəldilməsi ilə ixrac qabiliyyətinin artırılması və Azərbaycanla Avropa İttifaqı arasında uyğunluğun qiymətləndirilməsi  üzrə sənədlərin qarşılıqlı tanınması və məhsulların azad dövriyyəsi üçün konkret nəticələrin əldə olumasını hədəfə aldığını bildirdi.

Dəyirmi masanı öz çıxışı ilə Azərbaycan Standartlaşdırma İnstitutunun Təlim-tədris Mərkəzi-İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanının direktoru Saday Əliyev davam etdirdi. S.Əliyev “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə təsis edilmiş milli standartlaşdırma qurumu-Azərbaycan Standartlaşdırma İnstitutunun fəaliyyət istiqamətləri haqda məlumat verdi. Bildirdi ki, dövlət standartların hazırlanması,qəbulu və ləğv edilməsi, məhsul və xidmətlərin, həmçinin personalın və  idarəetmə sistemlərinin sertifikatlaşdırılması, laborator xidmətlərin göstərilməsi, Dövlət Standartlar Fondunun idarə edilməsi, Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və  regional təşkilatlarında təmsil edilməsi, xarici milli standartlaşdırma qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması  İnstitutun  əsas fəaliyyət istiqamətlərini təşkil edir.

İnstitut sənayenin  və kənd təsərrüfütının müvafiq sahələrinin inkişafına dair Dövlət Proqramlarının icrası ilə yanaşı, mərkəzdə və regionlarda fəaliyyət göstərən 4 regional ərazi idarəsinin nəzdindəki 400-dək təsnifat üzrə istehsal, idxal və ixrac edilən məhsul və xidmətlərin sertifikatlaşdırılması üzrə uyğunluğun qiymətləndirilməsi orqanları və müasir avadanlıqlarla təchiz olunmuş sənaye və istehlak malları, neft-qaz və neft-kimya məhsulları, tikinti materialları, asfalt-beton, yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyaları  vasitəsilə biznes strukturlarına metodiki və texniki dəstək göstərir.

S.Əliyev çıxışında əlavə etdi ki, İnstitut öz işinin səmərəli təşkili, standartlaşdırma üzrə fəaliyyətinin təşviqi və aidiyyəti dövlət və biznes qurumları ilə qarşılıqlı partnyorluq əlaqələrinin qurulması baxımından konkret addımlar atır. Belə ki, tikinti materialları sahəsində keyfiyyətin təmin edilməsi üzrə problemlərin mövcudluğunu əsas gətirərək tikinti materialları və konstruksiyaların beynəlxalq standartlara uyğun və təhlükəsizlik normalarına cavab verəcək keyfiyyətdə istehsalının və ixracının təmin edilməsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli məhsullardan qorunması, əsassız sertifikatlaşmanın qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə,  Azərbaycan ixracatçılarının məhsullarının beynəlxalq bazarlarda yüksək standartlara cavab verməsi üçün konsaltinq, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, “bir pəncərə” qaydasında uyğunluq sertifikatının tez və qısa müddətdə verilməsini təmin etmək üçün  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə, ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, əhalinin özünəməşqulluq səviyyəsinin artırılması və rəqabətqabilliyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək göstərilməsini məqsədi ilə “ABAD” publik hüquqi şəxs ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında Anlaşma Memorandumları imzalanmışdır.

Natiq bunu da qeyd etdi ki, Təlim-tədris Mərkəzi-İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı tərəfindən beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında İSO 9001, 14001, 27001, 22000 və 45001 standartları üzrə keyfiyyətin, ətraf mühitin,  informasiya təhlükəsizliyinin,  qida təhlükəsizliyini  və peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinə dair vaxtaşırı təşkil olunan treninqlər beynəlxalq standartların tələbləri və tətbiq üsullarına dair yerli mütəxəssislərin məlumatlandırılması və keyfiyyətli xidmətlərin istehlakçılara təqdim edilməsi, müəssisələrin rentabelliyinin artılmasına birbaşa təsir edən personalın səriştəliliyinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyətlidir.

Institutun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fəridə Bəşirova çıxış edərək bildirdi ki, İnsititut ölkəmizi 2017-ci ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında (İSO) tamhüquqlu üzv kimi, Avropa Standartlaşdırma Təşkilatında (CEN) tərəfdaş orqan kimi təmsil edir,  həmçinin ÜTT-nin təşəbbüsü ilə hazırlanmış Beynəlxalq Elektrotexniki Komissiyanın (İEC) “Partnyor Ölkələr” Proqramının iştirakçısıdır. Bununla yanaşı, Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasında müvafiq istiqamətdə fəaliyyət davam etdirilir, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Standartlaşdırma Təşkilatı ilə əməkdaşlıq edilir. Bu təmsilçilik ölkəmizə beynəlxalq, dövlətlərarası (ГОСТ) və Avropa standartlarına birbaşa çıxış və adıçəkilən təşkilatların texniki Komitələrinin işində  yerli ekspertlərə sərbəst iştirak hüququ verir.

F.Bəşirova  eyni zamanda əlavə etdi ki,  İnstitut fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Almaniyanın “DİN”, Rusiyanın “STANDRATİNFORM”, Serbiya, Ukrayna və Qazaxıstanın Standartlaşdırma İnstitutları, ABŞ-ın Sınaq və Materiallar üzrə Amerika Cəmiyyəti  (ASTM) kimi aparıcı standartlaşdırma qurumları ilə ikitərəfli  əməkdaşlıq münasibətlərinin yaradılmasına nail olmuşdur.

Avropa İttifaqının təşkilati dəstəyi ilə vaxtaşırı TAEİX aləti çərçivəsində təşkil olunan seminar və ekspert missiyaları İnstitutun öz fəaliyyətini təkmilləşdirməsi, heyətin bilik və bacarıqlarının artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verir.

Tədbirdə çıxış edən “Azad istehlakçılar” İctimai birliyinin sədri Eyyub Hüseynov ölkədə məcburi sertifikatlaşdırma ilə bağlı müəyyən problemlərin olduğunu, o cümlədən bu sahədə mövcud kadr problemlərinin həlli və sahibkarlıq sahəsində lüzumsuz maneələrin aradan qaldırılması baxımından yeni  qəbul olunan qanunvericilik aktlarının həlledici rol oynayacağını bildirdi.

Azərbaycan Neft və Sənaye Univesitetindən təmsil olunan professor Rafiq Hacıyev öz çıxışında standartlaşdırma sahəsində mütərəqqi standartların işlənib  hazırlanması və mövcud standartların beynəlxalq və Avropa standartlarına harmonizasiya edilməsi üçün texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi və yerli ekspertlərin bu işdə aktivliyinin təşviq edilməsinin vacibliyini vurğuladı.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin əməkdaşı Aygün Əhmədova standartlaşdırma sahəsində fəaliyyətin əlaqələndirilməsi və ən yeni həllərin bu prosesə tətbiqinin asanlaşdırılması, maraqlı tərəflərin vaxtında məlumatlandırılması üçün aidiyyəti ekspertlərdən ibarət Koordinasiya Qruplarının yaradılmasını təklif etdi, bununla belə standartların əhəmiyyəti və bu sahədə görülən işlərlə bağlı ictimaiyyətin daha yaxından tanış olması  üçün elektron təşviqat vasitələrindən geniş istifadənin faydalı olacağını vurğuladı.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Cəsarət Camalov  öz çıxışında təmsil olunduğu qurumla İnstitut arasında bugünədək yaranmış uğurlu əməkdaşlıq fəaliyyətinə toxundu, istər yeni standartların hazırlanması, istər uyğunluğun qiymətləndirilməsi, istərsə də keyfiyyət idarəetmə sistemləri və personalın sertifikatlaşdırlması sahəsində professional və şəffaf şəkildə texniki dəstək göstərildiyi üçün İnstitut rəhbərliyinə minnətdarlığını bildirdi.

“Azərtexnolayn” MMC-nin Laboratoriya müdiri Zahid Şahbazov və Azərbaycan Dövlət İqtisad Universitetindən kafedra müdiri Zabit Aslanov müvafiq sahədə kadr potensialının yaxşılaşdırılması, gənc mütəxəssislərin bilik və bacariqlarinin artırılması üçün xaricdə təhsil almış ekspertlərin proseslərə cəlb edilməsini, təlim və treninqlərin mütəmadi əsasda keçirilməsi və standartlaşdırma profilində təhsil alan tələbələrin İnstitutda könüllü kimi təcrübə keçməsini təklif etdilər.           

Dəyirmi masa iştirakçı müəssisə və təşkilat nümayəndələri və ali təhsil ocaqlarından təmsil olunan  qonaqları maraqlandıran məsələlər ətrafında müzakirələrlə davam etdirildi.

Bizim partnyorlarımız