13 Fevral 2020

Azərbaycan Standartlaşdırma İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyi ilə aqrar sektorda standartlaşdırmanın yeni inkişaf mərhələsinə aid görüş keçirilib

12 fevral 2020-ci il tarixində Azərbaycan Standartlaşdırma İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi arasında aqrar sektorun müxtəlif sahələri üzrə standartlaşdırmanın yeni inkişaf mərhələsinə dair işgüzar görüş keçirilmişdir. Görüşdə Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev, İnstitutun Uyğunluğun qiymətləndirilməsi departementinin direktor müavini Rəfail Allahverdiyev, İnstitutun Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri Bayram  Əliyev və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.

Görüşdə yeni qəbul olunmuş “Standartlaşdırma haqqında ”Azərbaycan Respublikasının  Qanunun dövlət qurumları və sahibkarlar üçün yaratdığı imkanlardan və müvafiq sahələr üzrə texniki komitələrin yaradılmasının əhəmiyyətliliyindən danışılmışdır. 

Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev taxıl məhsullarına, Baytarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Siyalə Rüstəmova dərman pereparatlarına, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru Vüqar Səlimov şərab məhsullarına, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev tərəvəz məhsullarına, Bitki mühafizə və Texniki bitkilər Elmi –Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev pestisitlər və aqrokimyəvi maddələrə dair standartların yaradılması ilə bağlı fikirlərini bildiriblər.

Görüşün əsas məqsədi Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının bazasında aqrar sektora aid mövcud standartların təkmilləşdirilməsi, sözügedən sahələr üzrə qəbul olunmuş dövlət proqramlarının müvafiq bəndlərinin icra olunması üçün beynəlxalq standartların tələblərinə cavab verən yeni standartların işlənib hazırlanması məqsədi ilə müvafiq sahələr üzrə yeni texniki komitələrin yardılmasına dəstək göstərməkdir.

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran bütün suallar cavablandırılmış və müvafiq sahələr üzrə milli standartların hazırlanması ilə bağlı Texniki Komitələrin yaradılması qərara alınmışdır.

Bizim partnyorlarımız