12 Noyabr 2020

Qarabağ üzərində qələbə bizim tarixi zəfərimizdir

İllərdi gözlədiyimiz zəfər anı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində reallaşmaq ərəfəsindədir.

Bəli bu reallıqdır!

1988-ci ilin fevral ayında Dağlıq Qarabağda erməni millətçilərinin Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı  Xankəndində keçirdiyi əsassız mitinqlər sonda erməni lobbisinin və digər onları dəstəkləyən ölkələrin köməyi ilə Dağlıq Qarabağın və ətraf  7 rayonun Ermənistan ordusu tərəfindən işğal olunmasına və 1 milyon qaçqının öz torpaqlarından uzaq düşməsinə səbəb olmuşdur.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının iclasında Erməni qoşunlarının bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edilməsinə baxmayaraq, qarşı tərəf  öz himayədərlərinin köməyi ilə bu qətnamələri yerinə yetirməkdən imtina etmiş və bu qətnamələr kağız üzərində qalmışdır.

1990-cı illərin ikinci yarısında və 2000-ci ilin ilk illərində Ulu öndər Azərbaycan Respublikasının o dövrdəki Prezidenti Heydər Əliyev Dağlıq Qarabağda münaqişənin  sülh yolu ilə əldə olunması istiqamətində bir çox səylər göstərməsinə baxmayaraq erməni tərəfi bu münaqişənin Azərbaycan Respublikasının ərazisi çərçivəsində sülh yolu ilə həll olunmasına mane olmuşdular.

2003-cü ildən sonra bu siyasəti Ulu öndər Heydər Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi iradə göstərərək bu işləri davam etdirmiş, amma erməni tərəfi beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara və tələblərə əhəmiyyət verməmiş və bütün məsələlərin öz istəkləri çərçivəsində həll olunmasını istəmişdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusilə son illərdə  beynəlxalq ictimaiyyətə,son aylarda isə BMT səviyyəsində müraciət edərək, Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması haqqında məlumat vermiş və beynəlxalq ictimaiyyəti erməni faşist dövlətini durdurmağa çağırmışdır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri bu müraciətlərə susqunluq göstərmişdilər.

Sonda Azərbaycan dövləti işğalçı, təcavüzkar Ermənistanı özü durdurmaq qərarını verdi. Azərbaycan işğal edilmiş torpaqlarını beynəlxalq hüquq çərçivəsində azad etmək, ərazi bütövlüyünü bərpa etmək məqsədilə antiterror əməliyyatına başladı. Azərbaycanın döyüş meydanında üstün­lüyü işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb oldu.    

Sentyabrın 27-dən başlayaraq hər gün bir çox aparıcı dünya dövlətlərinin başçıları, ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan dövlət başçısına zənglər edir, bəyanatlar verirlər və Azərbaycanı əks-hücumu durdurmağa çağırırlar. 30 ilə ya­xın öz mövqesizlikləri, fəaliyyətsizlikləri ilə işğalçı Ermənistana dəstək verən dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng vuraraq, Azərbaycanı sülhə, danışıqlar prosesinə dəvət edir,ölkəmizin beynəlxalq hüquq çərçivəsində apardığı əməliyyatlara mane olmağa çalışırlar. Məqsədləri bəllidir: Ermənistanı qorumaq. Cənab Prezidentin cavabı isə qəti və birmənalı oldu: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hü­quqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanı­yır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq”.

Nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər.           

ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarında “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik” deməsi beynəlxalq hüququn tələblərinə ziddir. Qarabağ Azərbaycan tor­pağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqı­dır və beynəlxalq hüququn tələbidir

Bir daha dünya ictimayətinə bildiririk ki, Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqının haqqıdır və Qarabağ üzərində qələbə bizim tarixi şərəfimizdir.

 

Təlim-tədris mərkəzi-İdarəetmə sistemlərinin və personalın

sertifikatlaşdırılması orqanının direktoru Saday Əliyev

Bizim partnyorlarımız