Çap et
Beynəlxalq qeydiyyat sistemləri

Sənaye mülkiyyəti obyektlərinin beynəlxalq qeydiyyatını nəzərdə tutan bir sıra beynəlxalq müqavilələr mövcuddur. Azərbaycan Respublikası “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişi və ona Protokol, “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa Müqaviləsinin Cenevrə Aktı və “Patent kooperasiyası haqqında” Müqavilənin üzvüdür.

Yuxarıda göstərilmiş qeydiyyat sistemləri fiziki və hüquqi şəxslər üçün bir neçə və ya bütün üzv ölkələrin ərazisində vahid ərizə əsasında müvafiq sahədə sənaye mülkiyyəti obyektlərinin beynəlxalq qeydiyyatını həyata keçirmək imkanı yaradır.

2 oktyabr 2006-cı il tarixdə “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barəsində Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Fiziki və hüquqi şəxslər Madrid sistemi əsasında nişanların beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/madrid/en/

22 iyun 2010-cu il tarixdə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər Haaqa sistemi əsasında sənaye nümunələrinin beynəlxalq qeydiyyatını aparmaq üçün beynəlxalq ərizə ilə müraciət edə bilərlər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/hague/en/

Həmçinin 14 sentyabr 1995-ci il tarixdən Azərbaycan Respublikası “Patent kooperasiyası haqqında” Müqaviləyə qoşulmuşdur. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslər ixtiraların beynəlxalq qeydiyyatı üçün patent ərizəsi ilə müraciət edə bilər. Daha ətraflı məlumat üçün daxil ola bilərsiniz: http://www.wipo.int/pct/en/