Çap et
Xəbər arxivi
22.02.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı  Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının auditoru müəyyən edilib - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində regional metrologiya təşkilatı olan KOOMET-in (Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı)  “Keyfiyyət Forumu”nun 18-ci iclası keçirilib. Almaniya, Bosniya və Herseqovina, Rumıniya, Litva, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Gürcüstan, Moldova respublikalarının milli metrologiya orqanlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə ölkəmizi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəis müavini Azər Qurbanov təmsil edib.

“Komitə yanında Dövlət Metrologiya Xidmətinin fəaliyyəti və xidmətin keyfiyyəti idarəetmə sistemi” mövzusunda təqdimatla çıxış edən A.Qurbanov Azərbaycanda son illərdə metrologiya sahəsində aparılan islahatlar və milli etalon bazasının formalaşdırılması ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib.

Komitənin əməkdaşı KOOMET-in “Keyfiyyət Forumu” çərçivəsində keçirilmiş müvafiq nəzəri və praktiki təlimlərdən müvəffəqiyyətlə keçərək “KOOMET-in Auditoru” adına layiq görülüb və şəhadətnamə ilə təltif  edilib.

Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (KOOMET) üzv ölkələrin metrologiya sahələrində qanunvericiliyin təkmilləşdirilməsini, keyfiyyəti idarəetmə sistemində əməkdaşlıq əlaqələrinin gücləndirilməsini, fiziki kəmiyyət vahidləri və digər dövlət etalonlarının qarşılıqlı tanınması və tutuşdurulmasını həyata keçirir.

Azərbaycan Hökuməti adından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2007-ci ildən KOOMET-in üzvüdür.