Çap et
Xəbər arxivi
14.11.2017

“Azərbaycan metrologiya sisteminin gücləndirilməsi” üzrə Tvinninq layihəsi

 Bakıda “Qanunverici metrologiya” üzrə konfrans keçirilib - FOTO

Noyabrın 14-də Bakı şəhərində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində sənaye, ticarət və xidmət sahələrinin nümayəndələri üçün “Qanunverici metrologiya” üzrə konfrans keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəs sədrinin müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu istiqamətdə Komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taieks” proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir.” Onun sözlərinə görə, hazırda icra olunan layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.

Niyazi Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılmaqdadır. Bundan başqa Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb.

Sonra çıxış edən Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çex Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin rolunu da vurğulayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov ölçmələrin vəhdətinin təmin edilməsi barədə milli qanunvericilik barədə məlumat verib.

Mövzu üzrə məruzələrlə davam edən konfransda Almaniya və Çex Respublikalarının metrologiya üzrə mütəxəssisləri tərəfindən “Ölçmə vasitələrinə dair Avropa qanunvericiliyinin prinsipləri”,  “Ölçmə vasitələrinə dair Avropa Direktivinin (MID) və qeyri-avtomatik çəki alətlərinin Direktivinin tətbiqi (NAWID)”, “Ölçmə vasitələri bazarına nəzarət”,  “MID və NAWID Direktivlərinin tətbiqinə dair Çexiyanın təcrübəsi”, “Potensial müştərilər tərəfindən ölçmə vasitələrinin seçilməsi” mövzularında təqdimatlar edilib.

Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsinin icrasına 2016-cı ilin yanvar ayında başlanılıb. Layihənin sonunda Azərbaycanda metrologiyanın həm texniki, həm də hüquqi bazasının təkmilləşdirilərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olunacaq.