Çap et
Xəbər arxivi
06.02.2018

Azərbaycanda həyata keçirilən ölçmələrin, dövlət etalonları laboratoriyalarının fəaliyyətinin beynəlxalq tanınması təmin edilib

Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı “Tanınma Şəhadətnaməsi”ni Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsinə təqdim edib- FOTO

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) müvafiq laboratoriyalarda saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik kəmiyyətləri, temperatur, sıxlıq və özlülük, ionlaşdırıcı şüalanma kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq tutuşdurmalarda iştirak edib və müsbət nəticələr əldə edib. Belə ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda mövcud olan dövlət etalon laboratoriyalarının keyfiyyəti idarəetmə sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə beynəlxalq səviyyəli audit (peer review) keçirilib, auditin nəticələri Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET) müzakirə edilərək müsbət qərar qəbul olunub.

Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınmasını təmin edən sənəd – 31 yanvar 2018-ci il tarixli QSF-R53 nömrəli “Tanınma  Şəhadətnaməsi” Braunşveyq şəhərində, Almaniya Fiziki-Texniki İnstitutunda (PTB) KOOMET-in Keyfiyyət Forumu üzrə Texniki Komitəsinin 24-cü iclasında Azərbaycan Metrologiya İnstitutunun Baş direktorunun müşaviri Azər Qurbanova təqdim edilib. Tədbirdə Almaniya, Bosniya və Herseqovina, Belarus, Kuba, Gürcüstan, Litva, Rusiya, Özbəkistan, Moldova, Tacikistan, Ukrayna  və digər ölkələrin milli metrologiya qurumlarının nümayəndələri iştirak edib.

Azərbaycanda həyata keçirilən ölçmələrin beynəlxalq tanınması və dövlət etalonları laboratoriyalarının beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təsdiqi ölkəmizdə metrologiya sahəsinin inkişafını, milli etalonların, həmçinin qurum tərəfindən verilən kalibrlənmə sertifikatlarının xarici ölkələrdə tanınmasını, bu sahədə xarici ölkələrlə etibarlı əməkdaşlığın güclənməsini təmin edəcək. Bu isə öz növbəsində Azərbaycanın ixracyönümlü iqtisadi siyasətinin tərkib hissəsi kimi keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması və ticarətdə texniki maneələrin aradan qaldırılması istiqamətində vacib amillərdən biridir.

Məlumat üçün bildirək ki, ticarətdə texniki maneələrin aradan qaldırılması, keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ötən il “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi də Avropa Akkreditasiya Təşkilatına (EA) üzvlüklə bağlı müraciət etmiş və mərkəz EA-nın assosiativ üzvlüyünə qəbul edilmişdir.