17 mart 2022-ci il tarixində “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) üzrə Texniki Komitənin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə ilk iclası keçirilmişdir.
İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktorunun I müavini – Baş direktor vəzifəsini müvəqqəti icra edən İlham Bayramov çıxış edərək ölkəmizdə İKT sahəsində mövcüd olan dövlət standartlardan ətraflı məlumat vermişdir.
Həmçinin iclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Texniki Universitetinin, “AzInTelecom” MMC-nin, “Microsoft Azərbaycan” MMC-nin, “BestComp Group” MMC -nin, “Ultra” şirkətinin və “Virtual Azərbaycan Qrup of Kompani” MMC-nin nümayəndələri iştirak etmişdir.
Tədbir zamanı son bir il ərzində İKT sahəsinin inkişafı istiqamətində görülən işlərin, Texniki Komitə fəaliyyəti istiqaməti haqqında təkliflərin və fəaliyyət planına daxil olan standartların müzakirəsi aparılmışdır.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin birgə yaratdığı “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və dövlət standartlarının hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və regional standartlaşdırma işlərində iştirak edilməsidir.