ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"TWINNING" Layihəsi

“Milli Standartlaşdırma Sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın icrasına dair Azərbaycan Standartlaşdırma İnstitutuna Dəstək” adlı Tvinninq layihəsi 2020-ci ilin 1 noyabr tarixində başlanılmışdır. Layihənin rəsmən 18 ay ərzində icra olunması nəzərdə tutulmuşdur. Lakin, Azərbaycan Standartlaşdırma İnstitutun (AZSTAND) tələblərini nəzərə alaraq layihənin altı ay (oktyabr 2022-ci il) müddətinə uzadılmışdır.

Layihənin aparıcı Üzv Dövlət tərəfdaşı Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi (BMWi) və Almaniyanın Standartlaşdırma İnstitutudur (DIN). Bu instituta layihənin kiçik tərəfdaşları olan İspaniyanın Standartlaşdırma Assosiasiyası (UNE) və İsveçin Standartlar İnstitutu (SIS) dəstək verilib.

Tvininq layihəsi AZSTAND və onun Avropa İttifaqı (Aİ) tərəfdaşları arasında əməkdaşlığın gücləndirilməsinə həsr olunmaqla İnstitutda transformasiya proseslərinin tənzimləndirilməsini və ÜTT-yə gələcək üzvlük istiqamətində standartların Avropa və beynəlxalq tələblərə daha da uyğunlaşdırılmasını nəzərdə tutur.

Layihənin əsas hədəfləri korporativ idarəetmə, rəqəmsal transformasiya və maliyyə mexanizmləri adlanan üç sahəni optillaşdırmaq və gücləndirməkdir.

Tvininq layihəsinin strukturu üç komponentdən ibarətdir:

  1. Komponent 1 Korporativ Idarəetmə: milli standartlaşdırma strategiyası, institusional yol xəritəsi və bazara nəzarət mexanizmləri, eləcə də, texniki komitələrin təsvirinin hazırlanması, onların prosedur və proseslərinin optimallaşdırılmasını nəzərdə tutur.
  2. Komponent 2 Rəqəmsal Transformasiya: burada əsas hədəf AZSTAND üçün rəqəmsal transformasiya planını hazırlamaq, brend məlumatlandırması və kommunikasiyanı gücləndirməkdir.
  3. Komponent 3 Maliyyə Mexanizmləri: bu komponentin məqsədi büdcə proseslərini təhlil etmək, proqnozlaşdırma modelini hazırlamaq, dərin bazar təhlili və istehlakçı ehtiyaclarına yardım etməklə AZSTAND-in maliyyə stabilliyi və müstəqilliyini təkmilləşdirməkdir.

 

Layihə müddətində ümumilikdə 320 iş gününü əhatə edən 64 təlim keçirilmişdir. AZSTAND əməkdaşları ilə yanaşı standartlaşdırma sahəsi ilə əlaqəsi olan digər  qurumlardan da əməkdaşlar bu təlimlərə cəlb edilmişdir. Konsorsiumun 30 eksperti tərəfindən 100-dən artıq mütəxəssisə təlim keçirilmişdir.

15.02.2022-ci il tarixində  standartlaşdırma üzrə Texniki Komitələr üçün videokonfrans formatında «Standartlaşdırmanın faydaları» mövzusuna dair keçirilmiş seminar təşkil edilmişdir.

20.06.2022-ci il tarixində Tvinninq layihəsi çərçivəsində Alman Standartlar İnstitutu tərəfindən “Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” seminarı təşkil olunmuşdur. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutu, standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri və xarici ekspertlər iştirak etmişlər. Seminarda xarici ekspertlər tərəfindən standartlaşdırma vasitəsilə ticarətin stimullaşdırılması, milli standartlaşdırma fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi, maraqlı tərəflərin texniki komitələrə cəlb edilməsi və digər mövzularda təqdimatlar edilmiş, müzakirələr aparılmışdır.

Eyni zamanda layihə çərçivəsinə AZSTAND-ın əməkdaşları üçün Almaniya, İsveç və İspaniyanın müvafiq qurumlarına təlim səfərləri təşkil olunmuşdur. 

12-15.07.2022-ci il tarixlərində AZSTAND-ın nümayəndə heyəti Almaniyaya təşkil edilmiş təlim səfəri çərçivəsində Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyi (BMWK), Alman Metrologiya İnstitutu (PTB Berlin), Alman Akkreditasiya Qurumu (DAkkS) və Alman Standartlar İnstitutunda (DIN) görüşdə oldular.  Görüş zamanı keyfiyyət infrastrukturu və standartlaşdırma siyasətləri, beynəlxalq standartlaşdırmada ictimai maraq və maliyyələşdirmə mövzularında Almaniya təcrübəsi öyrənilmişdir. Həmçinin səfər çərçivəsində Alman Standartlar İnstitutu (DIN) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən hər iki qurum arasında əməkdaşlıq, standartlaşdırma sahəsində Almaniya təcrübəsinin Azərbaycanda tətbiqi, DIN standartlarının yayımı nəzərdə tutulub.

22-26.08.2022-ci il tarixində AZSTAND-ın nümayəndə heyəti İsveç Standartlar İnstitutunda (SIS) təlim səfərində oldular. Səfərdə SIS-in institusional strukturu, SİS-də  rəqəmsal transformasiya prosesi, marketinq siyasəti, standartların elektron satış sistemi və abunəlik prinsipləri, eləcə də standartlaşdırma üzrə işlərin və texniki komitələrin fəaliyyəti üçün nəzərdə tutulan texnoloji sistemlər, beynəlxalq standartların rəsmiləşdirilməsi proseduru və digər sahələr üzrə təcrübələr öyrənilmişdir.

03-07.10.2022-ci il tarixində AZSTAND-ın nümayəndə heyəti İspaniya Standartlaşdırma Qurumunda (UNE) səfərdə olmuşlar. Səfər çərçivəsində UNE-də milli və beynəlxalq səviyyədə texniki tənzimləmə və standartlaşdırma, elektrik və oyuncaq sektorunda standartlaşdırma fəaliyyətləri, beynəlxalq və Avropa standartlarının tərcümə və nəşri proseduru və digər sahələr üzrə təcrübələr öyrənilmişdir.

25.10.2022-ci il tarixində Tvinninq layihəsinin yekun konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, müvafiq dövlət qurumlarının, assosiasiyaların, özəl sektorun, həmçinin Avropa İttifaqı, Almaniya, İsveç Krallığının Azərbaycandakı səfirləri, eləcə də layihənin icrasına cəlb edilmiş üzv dövlətlərinin milli standartlaşdırma təşkilatlarının nümayəndələri iştirak etmişdir

Hər üç aydan bir layihənin hesabat xarakterli bülleteni hazırlanaraq, Aİ-nın “EU Digitool” platformasında layihə komandası tərəfindən dərc edilib.  Layihə başladığı müddətdən etibarən bülletenin 4 buraxılışı dərc edilmişdir.

Twinning Newsletter - Issue 1.pdf

Tvininq Bülleteni - Buraxılış 1.pdf

Twinning Newsletter - Issue 2.pdf

Tvininq Bülleteni - Buraxılış 2.pdf

Twinning Newsletter - Issue 3.pdf

Tvinninq Bülleteni - Buraxılış 3.pdf

Twinning Newsletter - Issue 4.pdf

Tvinninq Bülleteni - Buraxılış 4.pdf

Beynəlxalq əməkdaşlıq