“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (bundan sonra – İnstitut) Beynəlxalq Elektrotexniki Komissiyanın (bundan sonra - IEC) Tərəfdaş Ölkə Proqramında iştirak edir. İnstitutun IEC-ə assosiativ üzv qismində qoşulması məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun 02 oktyabr 2025-ci il tarixli AZSTAND/Q-163/2025 nömrəli qərarı ilə Milli Elektrotexniki Komitəsi (NEC) yaradılmışdır.
Milli Elektrotexniki Komitəsi (NEC) – IEC-in Beynəlxalq Standartlarının milli standartlar kimi qəbul edilməsi, eləcə də milli qanunvericilikdə və texniki reqlamentlərdə istinad olunması məsələlərini nəzərdən keçirmək məqsədilə bütün maraqlı tərəflərin qərarvermə səlahiyyətinə malik nümayəndələrini bir araya gətirən qurumdur. Hər bir ölkədə yalnız bir NEC təsis oluna bilər və həmin komitə elektrotexnika sahəsində mövcud bütün milli maraqları təmsil etməlidir ki, qəbul edilən qərarlar bütövlükdə ölkə üzrə aktual xarakter daşısın və tətbiq oluna bilsin.
NEC-in əsas vəzifəsi IEC-in beynəlxalq standartlarının milli səviyyədə qəbuluna dair qərarların hazırlanması, bu qərarlara bütün maraqlı tərəflərin iştirakını təmin etmək, elektrotexniki sahədə milli maraqları təmsil etmək və ölkənin beynəlxalq standartlaşdırma fəaliyyətlərində iştirakına töhfə verməkdən ibarətdir.Hazırda NEC-in tərkibində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və AZSTAND-la yanaşı, Azərbaycan Respublikası Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Dövlət Neft Şirkəti (SOCAR), Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası və “STP Global Cable” MMC-nin nümayəndələri yer alır.