ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda Milli Elektrotexniki Komitə (NEC) yaradılıb
9 Oktyabr, 2025

          Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Milli Elektrotexniki Komitə (NEC) təsis edilib. NEC-in yaradılması AZSTAND-ın Beynəlxalq Elektrotexniki Komissiyaya (IEC) assosiativ üzvlüyə qəbul olunması tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilib.

Hazırda NEC-in tərkibində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və AZSTAND-la yanaşı, Azərbaycan Respublikası Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,  Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Dövlət Neft Şirkəti (SOCAR), Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası və “STP Global Cable” MMC-nin nümayəndələri yer alır. 

IEC-ə üzvlüyün əsas məqsədi elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyaların sürətləndirilməsi və beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasından ibarətdir. Belə ki, NEC-in fəaliyyəti çərçivəsində IEC-in beynəlxalq standartlarının milli səviyyədə qəbuluna dair təkliflər hazırlanacaq, qərarların formalaşdırılmasında maraqlı tərəflərin iştirakı təmin ediləcək, bununla da elektrotexniki sahədə ölkəmizin mövqeyinin gücləndirilməsinə töhfə veriləcək.

Məlumat üçün bildirək ki, artıq ilk iclas zamanı səsvermə yolu ilə NEC-in sədri və katibi seçilib, eləcə də AZSTAND tərəfindən assosiativ üzvlüyün təmin olunması məqsədilə IEC-ə müraciət edilməsi barədə qərar qəbul edilib.

Qeyd: IEC konsensusa əsaslanan beynəlxalq standartların hazırlanması və nəşrini həyata keçirən, elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən sistemlər və xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır.

Tarix:

9 Oktyabr, 2025