ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
17 Sentyabr, 2026

İclasda qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırma üzrə aktual məsələlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər və fəaliyyət istiqamətləri müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC-nin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak edib. 

İclas zamanı “Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması” dövlət standartının layihəsi müzakirə olunub. Sənədin qiymətli metallar sahəsində yerli qanunvericilik və mövcud təcrübə nəzərə alınmaqla hazırlanmış ilk dövlət standartı layihəsi olduğu bildirilib.

Bundan əlavə, “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində növbəti ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə edilib. Bununla bağlı, ISO 13756:2024 “Zərgərlik və qiymətli metallar — Gümüşün təyini — Natrium xlorid və ya kalium xloriddən istifadə etməklə potensiometrik üsul” və ГОСТ 30649-99 “Qiymətli metallar əsasında zərgərlik ərintiləri. Markalar” standartları əsasında dövlət standartlarının qəbul edilməsi, AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metal ərintilərinin əyarları” dövlət standartının dövri yoxlanılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Sonda AZSTAND/TK 36-nın Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar" və "Təbii becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyalar – Terminologiya və təsnifat (nomenklatura)" dövlət standartları layihələrinin Texniki Komitənin üzvləri tərəfindən müzakirə edilərək qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Qeyd: AZSTAND/TK 36 qiymətli metallar və qiymətli daşlar sahəsində standartlaşdırma fəaliyyətinin təşkili, müvafiq standartların hazırlanması və beynəlxalq təcrübənin tətbiqinin təmin edilməsi məqsədilə İMEM-in bazasında yaradılıb.
 

Tarix:

17 Sentyabr, 2026