ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi sahibkarlarla görüşdə iştirak edib
26 Avqust, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı KOB Evində “Keyfiyyətin idarəedilməsi və ISO standartları sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüşdə iştirak edib.

Tədbirə sahibkarlarlıq subyektləri, keyfiyyət infrastrukturu, standartlaşdırma, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri və ekspertlər qatılıblar.

Görüş mikro, kiçik və orta sahibkarlıq subyektlərinin keyfiyyətin idarə edilməsi sahəsində beynəlxalq təcrübə, ISO standartlarının tətbiqi, uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma istiqamətində mövcud imkanlar barədə məlumatlılığının artırılması, eləcə də yarana biləcək çətinliklərin müzakirəsi məqsədilə təşkil olunub.

Görüş çərçivəsində keyfiyyəti idarəetmə sistemlərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqinin genişləndirilməsi və sahibkarlıq subyektlərinin keyfiyyət infrastrukturundan daha səmərəli istifadəsinin təmin edilməsi üzrə mümkün həll yolları müzakirə edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, onların təklif və rəyləri dinlənilib.

Tarix:

26 Avqust, 2026