Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) bazasında təsis edilən “Qida məhsullarının keyfiyyəti və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib.
İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, “Agro Food Investments” MMC-nin, “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” PHŞ-nin, Azad İstehlakçılar Birliyinin (AİB), “Crispa Snacks” MMC-nin, “Azərsun Holdinq” MMC-nin, “Veysəloğlu” MMC-nin və “Milla Dairy” MMC-nin nümayəndələri iştirak ediblər.
İclas zamanı AZS 216:2024 “İçməli təbii mineral sular. Ümumi texniki şərtlər” dövlət standartı layihəsi yenidən işlənilib. Eyni zamanda 8 yeni dövlət standartının layihəsinin dövri yoxlanılması aparılıb və 3 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr edilib, üzvlərin rəy və təklifləri dinlənilib.
Sonda konsensus əsasında qəbul edilməsi nəzərdə tutulan standart layihəsi “Qida məhsullarının keyfiyyəti və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən AZSTAND-a təqdim olunub.


