ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi ISO/TK 205 Texniki Komitənin plenar iclasında iştirak edib
15 Oktyabr, 2026

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi və “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) sədri Azər Xanlarov Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TK 205 “Tikinti mühitinin layihələndirilməsi” Texniki Komitəsinin plenar iclasında və işçi qruplarının görüşlərində iştirak edib.

Alman Standartlar İnstitutunun təşkilatçılığı ilə keçirilən iclasa həmçinin Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İsveçrə, İsveç, Danimarka, Yaponiya, Cənubi Koreya, Niderland, Çin, Kanada, Banqladeş, Filippin və digər ölkələrin milli standartlaşdırma qurumlarının təmsilçiləri də qatılıblar.

Tədbir çərçivəsində sözügedən texniki komitənin ISO/TC 205/WG 1 Ümumi prinsiplər (General principles), ISO/TC 205/WG 2 Enerji səmərəli binaların layihələndirilməsi (Design of energy-efficient buildings) və ISO/TC 205/WG 3 Binanın avtomatlaşdırma və idarəetmə sisteminin (BAİS) layihələndirilməsi (Building Automation and Control System (BACS) Design) işçi qruplarının iclasları baş tutub.

İşçi qruplarının görüşlərində enerji səmərəli binaların layihələndirilməsi, enerji səmərəliliyinin qiymətləndirilməsi və layihələndirmə prosesində müvafiq enerji hesablamalarının tətbiqinə dair beynəlxalq standartlaşdırma işlərinin cari vəziyyəti nəzərdən keçirilib.

Bundan əlavə, Texniki Komitənin plenar iclasında işçi qruplarının fəaliyyəti üzrə hesabatlar dinlənilib, komitə tərəfindən hazırlanan standart layihələri müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Qeyd: ISO/TC 205 Tikinti mühitinin layihələndirilməsi Texniki Komitəsi 1992-ci ildən fəaliyyət göstərir. Komitə yeni binaların layihələndirilməsi və mövcud tikililərin yenidən qurulması zamanı keyfiyyətli daxili mühitin təmin olunması, habelə enerji qənaəti və səmərəliliyi üzrə beynəlxalq standartların hazırlanmasını və təkmilləşdirilməsini həyata keçirir. Bu günədək komitə tərəfindən 52 beynəlxalq standart qəbul edilib. Texniki komitənin fəaliyyətində 29 ölkə həqiqi üzv, 37 ölkə isə müşahidəçi üzv qismində iştirak edir.

 

Tarix:

15 Oktyabr, 2026