Toplantı çərçivəsində standartlaşdırma sahəsində aktual məsələlər, yeni standartların hazırlanması, qabaqcıl təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərində müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Fransa Respublikasının paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) illik toplantısında iştirak edib.
Fransa Standartlaşdırma Assosiasiyası (AFNOR) tərəfindən təşkil olunan toplantı çərçivəsində ISO-nun 48-ci Baş Assambleyası, o cümlədən İnkişaf etməkdə olan ölkələr üzrə Komitəsinin (ISO DEVCO) 60-cı plenar iclası, 2027-2029-cu illər üzrə ISO Şurasına (ISO Council) üzvlərin seçilməsi və digər tədbirlər keçirilib.
DEVCO iclası çərçivəsində “İnkişaf etməkdə olan ölkələr üçün 2021-2025-ci illər üzrə Fəaliyyət Planı”nın (APDC4) nəticələrinə həsr olunan panel sessiyası təşkil edilib. Sessiyada AZSTAND-ın baş direktoru vəzifəsini icra edən Kəmalə Məmmədzadə spiker qismində çıxış edərək İnsitutun APDC4-ün layihələrində fəal iştirakından, bu layihələrin yaratdığı imkanlardan və əldə olunan nəticələrdən bəhs edib.
Bundan əlavə, AZSTAND ISO-nun “Uyğunluğun qiymətləndirilməsinin əsasları və CASCO alətlər toplusu” üzrə onlayn təlim kursunda fəal iştirakına görə mükafatlandırılıb.
Toplantı çərçivəsində keçirilən sessiyalarda “Dəyişən dünyada etimadın yaradılması” şüarı altında kibertəhlükəsizlik, iqlim dəyişikliyi, süni intellekt, rəqəmsal mühitdə istehlakçıların təhlükəsizliyi, su ehtiyatlarından davamlı istifadə, rəhbər vəzifələrdə qadınların təmsilçiliyi və digər aktual məsələlər üzrə standartların hazırlanması və tətbiqinin əhəmiyyəti müzakirə olunub.
Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və təşkilatların Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfələrinin idarə edilməsinə dair dünyada ilk beynəlxalq standart olan ISO/UNDP 53001:2026 “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün İdarəetmə Sistemləri – Tələblər” standartının təqdimatı keçirilib.
AZSTAND-ın nümayəndə heyəti həmçinin ISO-ya üzv qurumların rəhbərləri və yüksək vəzifəli şəxslərinin bir araya gəldiyi biznes modeli transformasiyasının praktiki reallıqlarına həsr olunmuş interaktiv seminarda, eləcə də regional prioritetlərin müzakirəsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunan Avropa və Mərkəzi Asiya aylıq regional Forumunda iştirak ediblər.
Toplantı zamanı həmçinin Amerika Test və Materiallar Cəmiyyəti (American Society for Testing and Materials - ASTM International) ilə görüş keçirilib. Görüşdə iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində görülən işlər nəzərdən keçirilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Eyni zamanda, “ASTM International”ın Azərbaycanla tərəfdaşlığının 10 illik yubileyi qeyd edilib, ötən dövr ərzində həyata keçirilən birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.





