Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 9001:2026 “Keyfiyyət idarəetmə sistemləri — Tələblər” beynəlxalq standartı əsasında daxili auditor təlimi keçiriləcək.
Təlim 23-26 noyabr 2026-cı il tarixlərində onlayn formatda keçiriləcək.
Təlimin əsas məqsədi iştirakçıları ISO 9001:2026 standartının yeni tələbləri, əvvəlki versiya ilə müqayisədə edilmiş əsas dəyişikliklər və onların tətbiqi ilə yaxından tanış etmək, onların keyfiyyət idarəetmə sistemlərinin planlaşdırılması, tətbiqi, qiymətləndirilməsi və auditinin aparılması üzrə nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Bu məqsəd çərçivəsində təlim iştirakçılarına aşağıdakı istiqamətlər üzrə bilik və praktiki bacarıqların aşılanması nəzərdə tutulur:
• Standartın yenilənmiş müddəaları;
• Təşkilatın konteksti;
• Risk və imkanların idarə olunması;
• Maraqlı tərəflərin tələblərinin nəzərə alınması;
• Keyfiyyət məqsədlərinin müəyyənləşdirilməsi;
• Proseslərin idarə olunması;
• Liderlik və strateji istiqamətin keyfiyyət idarəetmə sistemi ilə əlaqələndirilməsi;
• Davamlı təkmilləşdirmə yanaşmaları.
Təlim çərçivəsində iştirakçılar ISO 9001:2026 standartının tələblərinə uyğun auditlərin planlaşdırılması və keçirilməsi, audit sübutlarının toplanması və qiymətləndirilməsi, uyğunsuzluqların müəyyənləşdirilməsi, düzəldici tədbirlərin qiymətləndirilməsi və keyfiyyət idarəetmə sisteminin səmərəliliyinin artırılması üzrə praktiki bacarıqlar əldə edəcəklər.
Təlimin sonunda keçiriləcək imtahanın nəticələrinə əsasən, uğur qazanan iştirakçılara IRCA tərəfindən təsdiqlənmiş daxili auditor sertifikatı, digər iştirakçılara isə İştirakçı sertifikatı təqdim ediləcəkdir.
Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva,
Tel: (+994 12) 514 96 03 (dax: 115)
mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az
