Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində ISO 50001:2018 “Enerji menecment sistemləri – Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında baş auditor təlimi keçirilib.
Beynəlxalq təcrübəyə malik təlimçi, Türkiyənin “Esenek” Tədris Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən keçirilən təlimdə SOCAR-ın baş ofisinin 15 əməkdaşı iştirak edib.
Təlim proqramı çərçivəsində iştirakçılara enerji menecment sistemlərinin qurulması, enerji performansının və effektivliyinin artırılması, enerjidən istifadə və istehlakının davamlı şəkildə yaxşılaşdırılması, risklərin idarə olunması, eləcə də enerji hədəflərinin müəyyənləşdirilməsi istiqamətində ətraflı məlumat təqdim edilib.
Təlimin əsas məqsədi ISO 50001 standartının tətbiqi vasitəsilə təşkilatlarda enerji resurslarından səmərəli istifadənin təmin edilməsi, enerji performansına təsir edən proseslərin sistemli idarə olunması, həmçinin enerji qənaətinə yönəlmiş məhsul və xidmətlərin satın alınmasının dəstəklənməsidir.




