Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND), eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında yaradılan “Azərbaycan Xalq Çalğı Alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) və “Milli Geyimlər” standartlaşdırma üzrə Altkomitənin (AZSTAND/TK 45/AK 1) nümayəndələri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TK 349 “Mədəni irsin qorunması” Texniki Komitəsinin 2-ci plenar iclasında və işçi qruplarının görüşlərində iştirak ediblər.
İtaliya Standartlar İnstitutunun (UNİ) təşkilatçılığı ilə keçirilən iclasa həmçinin Almaniya, Amerika Birləşmiş Ştatları, Barbados, Çin, Fransa, İsveçrə, İsveç, Keniya, Nepal, Norvegiya, Özbəkistan, Səudiyyə Ərəbistan, Tanzaniya, Uqanda və digər ölkələrin milli standartlaşdırma qurumlarının təmsilçiləri qatılıblar.
İclaslar zamanı sözügedən komitənin texniki proqramının icrası, işçi qruplarının fəaliyyəti və yeni standartlaşdırma layihələri müzakirə olunub. Yeni layihələr ümumi terminologiya, maddi mədəni irsin fövqəladə hallarda idarə edilməsi və muzey mühitinin monitorinqi sahələrini əhatə edib.
Səfər çərçivəsində dünyanın aparıcı bərpa mərkəzlərindən biri olan “Opificio delle Pietre Dure” laboratoriyasına da baxış keçirilib.
Qeyd: ISO/TC 349 “Mədəni irsin qorunması” Texniki Komitə 2024-cü ildən fəaliyyət göstərir. Komitə mədəni irsin monitorinqi, qiymətləndirilməsi, qorunması və bərpası sahəsində terminologiyanın, texnologiyaların, materialların və avadanlıqların standartlaşdırılmasını həyata keçirir. Texniki komitənin fəaliyyətində 38 ölkə həqiqi üzv, 14 ölkə isə müşahidəçi üzv qismində iştirak edir.

