Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlar üçün tələblər” beynəlxalq standartı əsasında baş auditor təlimi təşkil olunub.
Təlimdə AZSTAND əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, “İstisu” MMC-nin, “Marxal Resort”un və “Mineral Sular” MMC-nin nümayəndələri iştirak ediblər.
Peşəkar təlimçi Müzaffer Özen tərəfindən keçirilən təlim zamanı iştirakçılara ISO 22000:2018 standartının tələbləri, qida təhlükəsizliyi üzrə idarəetmə sisteminin qurulması və qiymətləndirmə meyarları üzrə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, ISO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlar üçün tələblər” standartının tətbiqində məqsəd qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyi təmin etmək, istehlakçıların sağlamlığını qorumaq və müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyəti dəstəkləməkdir.
