Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 22000:2018 “Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” beynəlxalq standartı əsasında 2026-cı ilin 28 sentyabr - 2 oktyabr tarixlərində 5 gün olmaqla onlayn formatda Baş auditor təlimi keçiriləcək.
Təlimin əsas məqsədi iştirakçıları ISO 22000:2018 standartının tələbləri ilə yaxından tanış etmək, qida təhlükəsizliyi idarəetmə sistemlərinin planlaşdırılması, tətbiqi, qiymətləndirilməsi və auditinin aparılması üzrə nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirməkdir. Təlim çərçivəsində qida təhlükəsizliyi üzrə təhlükələrin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə olunması, ilkin şərtlər proqramları (PRP), HACCP prinsiplərinin tətbiqi, qida zəncirində kommunikasiyanın təmin edilməsi və idarəetmə sisteminin davamlı təkmilləşdirilməsi məsələləri ətraflı izah ediləcəkdir.
Bu məqsədlə iştirakçılar ISO 22000:2018 standartının tələblərinə uyğun auditlərin planlaşdırılması, həyata keçirilməsi və hesabatlaşdırılması, audit sübutlarının toplanması və qiymətləndirilməsi, uyğunsuzluqların müəyyən edilməsi, düzəldici tədbirlərin qiymətləndirilməsi, həmçinin təşkilatlarda qida təhlükəsizliyi idarəetmə sisteminin effektivliyinin artırılması istiqamətində praktiki bacarıqlar əldə edəcəklər.
Təlimin sonunda keçirilən mövzu üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə Beynəlxalq Exemplar Global təsdiqli Baş auditor sertifikatı təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.
Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin Təlim-tədris sektorunun müdiri – Züriyyə Haqverdiyeva
Tel: (+994 12) 514 96 03 (dax: 115)
mob: (+994 55) 201 18 60
E-mail: z.hagverdiyeva@azstand.gov.az
