İdarəetmə sistemlərinin sertifikatlaşdırılması prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
1.Müraciət edib şirkətinizin hansı standart və sertifikatlaşdırma sxeminə görə sertifikat almaq istədiyini müəyyən etməlisiniz. Sifariş formasını doldurub və lazımi sənədləri əlavə edib "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nə müvafiq qaydada göndərməlisiniz. Ərizəçinin hüquq və vəzifələri Sertifikatlaşdırma Şərtlərində əks olunub. Sertifikatlaşdırma sxemlərinin təsviri, ərizə forması və ona əlavələr sertifikatlaşdırma sxemləri üzrə müvafiq bölmələrdə verilmişdir.
2. Müraciətə baxılma və müqavilənin bağlanması. Müraciət qəbul edildikdən sonra 5 iş günü ərzində təhlil edilir və nəticələri ilə bağlı məlumat Sizə cavab olaraq göndərilir. İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması orqanı tərəfindən verilən Qərar müsbət olduğu təqdirdə, sertifikatlaşdırma xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanılır. İdarəetmə sistemlərinin sertifikatlaşdırılması prosesi iki mərhələ üzrə aparılır.
3. Sertifikatlaşdırma prosesinin I mərhələsi.Birinci mərhələnin məqsədi təşkilatın rəhbərliyinin idarəetmə prinsiplərinə sadiqliyini və idarəetmə sistemlərinin sertifikatlaşdırmaya hazırlıq dərəcəsini müəyyən etməkdir. Bunun üçün İnstitutun ekspert-auditorları İdarəetmə sistemləri çərçivəsində işlənib-hazırlanmış sənədlər toplusunu (təşkilati struktur, prosedurlar, proseslər və resurslar üzrə sənədləşmə) yoxlayır.
4. Sertifikatlaşdırma prosesinin II mərhələsi. İkinci mərhələnin məqsədi təşkilatın idarəetmə sistemlərinin, onun proseslərinin və iş yerlərinin tətbiq olunan standartın (standartların) bütün tələblərinə və təşkilatın öz daxili sənədlərinə uyğunluğunu müəyyən etmək, idarəetmə sistemlərinin effektivliyini və onun idarəetmə qabiliyyətini qiymətləndirməkdir. Siyasətin həyata keçirilməsinin bir hissəsi kimi təyin olunmuş məqsədlərə nail olmaq, istehsal olunan məhsul və ya göstərilən xidmətlərə dair təşkilat tərəfindən qanuni, daxili və digər normativ tələblərin yerinə yetirilmə dərəcəsini müəyyənləşdirmək.
5. Sertifikatlaşdırma prosesinin nəticəsi haqqında qərarın verilməsi. Keçirilən auditin nəticələrinə görə qərar qəbul edilir və sifarişçi təşkilat məlumatlandırılır. Təşkilat auditin nəticəsi müsbət olduğu təqdirdə uyğunluq sertifikatı ilə yanaşı, sertifikatda yerləşdirilən "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması orqanının uyğunluq nişanlarından istifadə Qaydaları kimi tənzimləyici sənədi əldə edir.Sifarişçi təşkilat müvafiq Qaydalara əməl edəcəyini təsdiq etməlidir. Uyğunluq sertifikatı yalnız inspeksiya nəzarəti zamanı təsdiq olunmaq şərti ilə 3 il müddətində etibarlıdır.
6. Sertifikatlaşdırılmış idarəetmə sistemlərinin inspeksiya nəzarəti. Təşkilatın idarəetmə sistemlərini işlək vəziyyətdə saxlanılmasını, onun effektivliyinin qiymətləndirilməsini, davamlı təkmilləşdirmə müddəalarını yerinə yetirilməsini, həmçinin fəaliyyətlərin bəyan edilmiş standarta və idarəetmə sistemlərinə dair tələblərə uyğun olub-olmadığını müəyyən etməkdir. İnspeksiya nəzarəti təqvim ilində ən azı bir dəfə həyata keçirilir.
7. Yenidən sertifikatlaşdırma. Yenidən sertifikatlaşdırmadan keçmək üçün "Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-ə yenidən Sifarişlə müraciət etməlisiniz. Keçirilən auditin nəticəsi barədə müsbət qərar qəbul edildikdən sonra növbəti üç illik dövr üçün uyğunluq sertifikatı verilir.