Müşavirədə MDB iştirakçısı olan dövlətlərdə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində görülən işlər müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 69-cu müşavirəsində iştirak edib.
Müşavirəyə həmçinin Agentliyin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND), Azərbaycan Metrologiya İnsitutunun (AzMİ) və Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) rəhbər heyəti, eləcə də MDB ölkələrinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, MDB-nin İcraiyyə Komitəsinin və Dövlətlərarası Şuranın Standartlar Bürosunun təmsilçiləri qatılıblar.
Tədbirdə Dövlətlərarası Şuranın fəaliyyətinin yekunları, MDB iştirakçısı olan dövlətlərdə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində görülən işlər, eləcə də Dövlətlərarası Şuranın Elmi-Texniki Komissiyalarının və İşçi Qruplarının iclaslarının nəticələri müzakirə edilib. Bundan əlavə, Standartlar Bürosunun fəaliyyəti, Dövlətlərarası Şuranın 2030-cu ilədək İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının icra vəziyyəti və digər aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.


