13 fevral tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının “Sertifikasiya və gömrük proseduraları” komissiyasının ilk iclası keçirilib. Tədbirdə şuranın üzvü olan 30-dan çox sahibkar və iş adamı iştirak edib.
Giriş nitqində komissiyanın sədri Namiq Tağıyev eksport həcminin artırılmasını, Azərbaycan məhsullarının xarici bazarda potensialını və rəqabətə hazır olmaq ehtiyacını nəzərə alaraq, sertifikatlaşdırma sahəsində keçirilən işlərin vacibliyini qeyd etdi. Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu nəzərə alaraq, işgüzar şuranın və komissiyanın görüləcək işlərin vacib rol oynadığı vurğulandı.
Namiq Tağıyev qeyd etdi ki, komissiyanın məqsədi – bu işlər üçün səmərəli meydança olmaq, Azərbaycan və Rusiya dövlətlərinin biznes əlaqələri və sertifikatlaşdırma və gömrük sahələrinə görülən işlərə dəstək olmaqdır.
Komissiyanın işini 3 istiqamətdə qurmaq planlaşdırıldı: qanunvericilik, proseduralar və problemlərin həlli.
İclasın iştirakçiları fəal dialoq və fikir mübadiləsi apardılar. Aktual suallar və təşəbbüslərlə “CTC Holdinq”, “Lənkəran Mexanikləşdirmə”, “Sobsan”, “Karvan-L”, “Metak”, “Mətanət A”, “Caspian Coast Winery”, “Azersun Holding” və digər şirkətlərin nümayəndələri çıxış etdilər.
Sertifikatların Rusiya bazarında istifadə qaydaları, sertifikatların istifadə müddətləri və tarifləri, həmçinin Rusiya və Azərbaycanın gömrük orqanlarının prosedura və tarifləri müzakirə olundu. Şuranın "Logistika" komissiyasının sədri və İdarə Heyətinin sədr müavini - Natiq Heydərov tərəfindən gömrük proseduraları ilə əlaqədar əlavə məlumat verildi.
İştirakçılar qeydə alınan aktual məsələlərin nəticələrini növbəti iclasda nəzərdən keçirmək barədə razılığa gəldilər.