ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
20 İyul, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi elmi-tədqiqat laboratoriyasının, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin nümayəndələri, eləcə də ekspertlər, müsiqişünaslar və kamança ifaçıları iştirak ediblər.

İclas zamanı “Kamança və kamança ailəsi. Texniki şərtlər” dövlət standartının layihəsi müzakirə olunaraq konsensus əsasında qəbul edilib. 

Bundan əlavə, iclasda AZSTAND/TK 44-ün strukturu və yeni üzvlərin qəbul edilməsi məsələləri müzakirə edilərək, səsverməyə çıxarılıb.  

Qeyd edək ki, “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) yaradılmasında əsas məqsəd Azərbaycan xalq çalğı alətlərinin qorunması və inkişafı, mədəni irsimizin gələcək nəsillərə ötürülməsi, bu istiqamətdə standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi, həmçinin bu sahədə tələb olunan məhsullar üzrə uyğunluğun qiymətləndirilməsi prosedurunun həyata keçirilməsində normativ sənədlər bazasının yaradılmasıdır. 

 

Tarix:

20 İyul, 2026