Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və TSE Global şirkətinin birgə təşkilatçılığı ilə ISO/IEC 42001:2023 İnformasiya texnologiyaları-Süni intellekt- İdarəetmə sistemi" beynəlxalq standartı əsasında daxili auditor təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, Azərbaycan Metrologiya İnstitutu və “Baku Electronics” MMC-nin nümayəndələri də daxil olmaqla ümumilikdə 30 nəfər iştirak edib.
Təlim çərçivəsində iştirakçılara ISO 42001 standartının əsas prinsipləri, süni intellektin idarə olunması üzrə beynəlxalq tələblər, risklərin müəyyənləşdirilməsi və idarə edilməsi metodologiyaları, etik yanaşmalar, eləcə də şəffaflıq və hesabatlılıq prinsipləri barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, sözügedən təlim “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın icrası məqsədilə təşkil edilib.
