Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında təsis edilmiş “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 52) onlayn formatda növbəti iclası keçirilib.
İclasda komitənin sədri, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, sədrin müavini, AMEA Rəyasət Heyəti Elm və təhsil şöbəsinin müdiri, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının sədr müavini filologiya elmləri doktoru Sərxan Xavəri, AZSTAND-ın nümayəndələri, eləcə də komitənin məsul katibi və üzvləri iştirak ediblər.
İclas zamanı AZSTAND/TK 52-nin 2026-cı il üzrə fəaliyyət planına yenidən baxılıb, həmçinin “Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” layihəsinin nəşriyyat, kitab və jurnal məhsullarına dair təhlükəsizlik tələbləri, bu istiqamətdə standartlaşdırma işlərinin perspektivlərinin müəyyənləşdirilməsi, eləcə də “Beynəlxalq muzey statistikası” standartı ilə bağlı məsələlər müzakirə olunub.
İclasın gündəliyində yer alan digər məsələ “Kitabxana fəaliyyətinin standartlaşdırılması sahəsində Türkiyə təcrübəsi” mövzusuna həsr olunub. Qeyd olunub ki, Türkiyənin kitabxana fəaliyyətinin standartlaşdırılması sahəsində əldə etdiyi təcrübənin öyrənilməsi Azərbaycanda bu istiqamətdə müasir yanaşmaların formalaşdırılması və beynəlxalq təcrübənin tətbiqi baxımından əhəmiyyətli ola bilər.
Bundan əlavə, müzakirələr zamanı standart layihələri üzrə rəy və təkliflər nəzərdən keçirilib, sənədlərin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Yekunda standart layihələrinin qəbul olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
