Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Psixoloji yardım” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 49) ilk iclası keçirilib.
İclasda həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası, Psixi Sağlamlıq Mərkəzi, Respublika Narkoloji Mərkəzi, Uşaq Psixonevroloji Mərkəzi və İPA Akademiyanın nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı psixoloji yardım xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, müvafiq sahədə mövcud ehtiyacların müəyyənləşdirilməsi, beynəlxalq təcrübənin və aidiyyəti standartların öyrənilməsi, habelə onların milli səviyyədə tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Texniki Komitənin gələcək fəaliyyət istiqamətləri, aidiyyəti qurumlar arasında əməkdaşlıq imkanları və 2026-cı il üzrə fəaliyyət planında nəzərdə tutulan standartlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məsələlərə nəzər salınıb. Eləcə də uşaqların psixoloji konsultasiyasına dair standart layihəsinə ilkin baxış keçirilib, rəy və təkliflər dinlənilib.
Qeyd: “Psixoloji yardım” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 49) Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) 17 fevral 2025-ci il tarixli AZSTAND/Q-32/2025 nömrəli Qərarı ilə “Puzzle Group Psixi Reabilitasiya Mərkəzi” MMC-nin bazasında psixologiya sahəsində standartlaşdırma işinin təşkili məqsədilə yaradılıb.
