Cari ilin 27 fevral tarixində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) birgə təşkilatçılığı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda müvafiq sahədə normativ bazanın təkmilləşdirilməsi, müasir tələblərə uyğun standartların hazırlanması və mövcud standartların yenilənməsi üzrə müzakirələrin aparılması üçün müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə açan ÜŞETİ direktoru, dosent E. Heydərov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulunun bu sahənin inkişaf etdirilməsi və bu gün qeyri-neft sektorunun digər sahələri kimi şərab ixracının artırılmasının da başlıca vəzifə kimi qarşıya qoyulduğunu və bu məqsədlə müasir tələblərə cavab verən mütərəqqi beynəlxalq standartların tətbiqinin vacib amil olduğunu bildirdi.
AZSTAND-ın “Aqrar və qida sənayesinin standartlaşdırılması” şöbəsinin müdiri Mənsim Babayev şərabçılıq və üzümçülük sahəsində mövcud olan milli standartlar haqqında ətraflı məlumat verməklə onların yenilənməsinə ehtiyac olduğunu, mütamadi olaraq standartların dövrü yoxlamasının həyata keçrilməsin zəruriliyini vurğuladı. M.Babayev həmçinin əlavə etdi ki, ölkədə istehsal olunan şərab məhsullarının keyfiyyətinin, təhlükəsizliyinin, və rəqabətqabiliyyətinin artırılması, onların dünya bazarına çıxışının təmin edilməsi, şərabçılıq sahəsində milli normativ texniki sənədlərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə Standartlaşdırma İnstitutunda şərabçılığa dair milli , beynəlxalq və dövlətlərarası standartların təhlili aparılmış bu sahədə ISO 3591:1977 Sensor analizi – şərab-sınaq şüsəsi, ISO 7224:1983 Üzümçülük və şərabçılıq üzrə avadanlıq -- sınaq üsulları, ISO 4710:2000 Tıxac – qazlı və qazlaşdırılmış şərablar üçün tıxaclar -- xarakteristikalar, ISO 5704:1980 Üzümçülük və şərəbaçılıq üzrə avadanlıq -- Üzüm yığımı maşını – sınaq üsulları, ISO 5703:1979 Üzümçülük və şərabçılıq üzrə avadanlıq – üzüm sıxan – sınaq üsulları ISO 3835-4:1981 Üzümçülük və şərabaçılıq üzrə avadanlıq – lüğət standartları əsasənda milli standartların qəbul olunmasının məqsədəuyğun hesab olunduğu qənaətinə gəlinmişdir.
Müşavirənin gedişində aidiyyəti mövzu ətrafında müzakirələr davam etdirilmiş və qurumlar arasında işbirliyinin daha səmərəli və çevik təşkili, digər aidiyyəti təşkilatların da mövqeyinin nəzərə alınması üçün üzümçülük və şərabçılıq sahəsində texniki komitənin yaradılmasının vacibliyi ifadə olunmuşdur.