“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na (bundan sonra - Qayda) əsasən dövlət standartlarının hazırlanması işləri milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən üçillik milli standartlaşdırma proqramı - “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” (bundan sonra – Proqram) əsasında həyata keçiriləcəkdir.
Ölkənin standartlaşdırma fəaliyyətlərinin istiqamətini müəyyən edən Proqram iqtisadiyyatın bütün sferalarında müasir texnologiyaların və həllərin tətbiqinə nail olan, təhlükəsiz və keyfiyyətli (rəqabətqabiliyyətli) mal və xidmətlərin istehsalını təmin edən yeni standartların işlənib hazırlanmasını ehtiva edir.
Proqramın layihəsi qanunvericilik aktlarının tələblərinə əsasən ölkədə sosial-iqtisadi inkişafın əsas istiqamətləri, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə qəbulu nəzərdə tutulan istinad standartları, müvafiq normativ hüquqi aktlarından irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları və ölkənin üzvü olduğu beynəlxalq və regional standartlaşdırma təşkilatları tərəfindən qəbul edilmiş standartlar əsasında dövlət standartlarının qəbulunun zərurəti, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla İnstitut tərəfindən formalaşdırılmışdır.
İnstitut tərəfindən cari il ərzində Proqrama daxil edilməsi və qəbulu üçün müvafiq təkliflərin təqdim edilməsi ilə bağlı 50-dən çox dövlət və özəl qurumlara, assosiasiyalara və mövcud standartlaşdırma üzrə Texniki Komitələrə məktublarla müraciət olunmuş, daxil olan rəy və təkliflər əsasında Proqramın yekun layihəsi hazırlanmışdır.
Proqrama 2026-cı ildə 712, 2027-ci ildə 924, 2028-ci ildə 1303 dövlət standartının qəbul olunması nəzərə alınmaqla ümumilikdə 2939 normativ sənəd daxil edilmişdir.
Bu normativ sənədlər xidmətlər, turizm, əyləncə və idman, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik, metrologiya və sınaqlar, mexaniki və hidravlik sistemlər və komponentlər, energetika və elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya, zərgərlik məmulatları, nəqliyyat və nəqliyyat infrastrukturu, qablaşdırma, tekstil və dəri texnologiyası, qida və kənd təsərrüfatı, kimya texnologiyası, minerallar və dağ-mədən sənayesi, neft və əlaqəli texnologiyalar, metallurgiya və maşınqayırma, taxta və mebel texnologiyası, şüşə və keramika sənayesi, rezin və plastik sənayesi, kağız və karton, lak-boya və əlvan boya sənayesi, inşaat materialları tikinti və mülki mühəndislik, keyfiyyət və idarəetmə sistemləri, uşaq malları, nəşriyyat işi və digər sahələri əhatə edir. Bu standarların 39 mövcud və yeni yaradılacaq texniki komitələrdə işlənilməsi nəzərdə tutulur.
Yeni standartlar vətəndaşların həyat və sağlamlığının, əmlakının və dövlət əmlakının qorunmasını, ətraf mühitin mühafizəsini, ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsini, iqtisadiyyatın inkişafının stimullaşdırılmasını, ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və istehlakçı məmnunluğunun artırılmasını, yerli məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin yüksəldilməsini təmin edən yeni normativ sənədlərin işlənib hazırlanmasına və qəbuluna şərait yaradacaqdır.
Qaydanın 3.4-cü bəndinə uyğun olaraq Proqram İnstitut tərəfindən 11.12.2025-ci il tarixli AZSTAND/Q-209/2025 nömrəli Qərar ilə təsdiq edilmişdir.
Sahələr üzrə qəbul olunacaq standartlar:
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
2026-2028-Cİ İLLƏR ÜZRƏ MİLLİ STANDARTLAŞDIRMA PROQRAMI