AZSTAND Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “Enerji menecment” üzrə layihəsində iştirak imkanı qazanıb. Layihənin proqramına əsasən energetika üzrə 4 mütəxəssis Qırğız Respublikasının Bişkek şəhərində Enerji Menecment Sistemləri (EMS) standartları üzrə təlimdə iştirak edib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təşkil olunan Dayanıqlılıq üçün Standartlar: Milli Standartlar Qurumlarının və onların maraqlı tərəflərinin BMT-nin DİM-lərini dəstəkləmək üçün seçilmiş ISO standartlarının mənimsənilməsinin gücləndirilməsi; Planet ölçüsü: Enerji menecment (“Standards for Sustainability: Strengthening National Standards Bodies and their stakeholders’ uptake of selected ISO standards in support of the UN SDGs; dimension Planet: Energy Management”) layihəsində iştirak etmək imkanı qazanıb.
Layihənin tələblərinə uyğun olaraq, layihədə iştirak etmək məqsədilə energetika üzrə 4 mütəxəssis və 2 müəssisənin namizədliyi təqdim edilib. Nəticədə, mütəxəssis qismində AZSTAND, Energetika Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri iştirakçı, müəssisələr qismində isə “STP Global Cable” MMC və “İnterenerqo” MMC ISO tərəfindən təsdiq edilib.
Azərbaycan milli standartlaşdırma qurumu ilə yanaşı, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Şimali Makedoniya və Qırğız Respublikasının standartlaşdırma qurumları da layihədə iştirak etmək hüququ qazanıblar.
Layihənin əsas məqsədi energetika üzrə beynəlxalq ekspertlər tərəfindən seçilmiş mütəxəssisləri ISO 50001:2018 “Enerji menecment sistemləri” beynəlxalq standartı üzrə təlimçi qismində yetişdirməkdən və sözügedən standartının tətbiqi üçün tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Bununla bağlı, layihənin ilkin mərhələsinə əsasən energetika üzrə seçilmiş 4 mütəxəssis 5-8 may 2023-cü il tarixlərində Qırğız Respublikasının Bişkek şəhərində Enerji Menecment Sistemləri (EMS) standartları üzrə təlimində iştirak edib. Layihənin növbəti mərhələsində təlim keçən mütəxəssislər ISO 50001:2018 “Enerji menecment sistemləri” beynəlxalq standartını 2 müəssisəyə - “STP Global Cable” MMC-yə və “İnterenerqo” MMC-yə tətbiq edəcəklər.
Qeyd edək ki, “STP Global Cable” MMC 2009-cu ildə Sumqayıt Texnoloji Parkın nəzdində yaradılan və məftil və kabel sənayesi ilə məşğul olan sənaye müəssisəsidir.
Digər iştirakçı müəssisə qismində isə çıxış edən “İnterenerqo” MMC 1998-ci ildə müstəqil olaraq fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət istiqaməti elektroenergetika obyektlərinin layihələndirilməsi, tikinti-quraşdırma işlərinin aparılması və sınaq-sazlanma işlərinin yerinə yetirilməsidir.