Yeni dövlət standartlarının qəbulu energetika sektorunda tətbiq edilən avadanlıqların, məişətdə istifadə olunan məhsulların, eləcə də bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin təmin olunması baxımından ölkədə enerji səmərəliliyi siyasətinin uğurla həyata keçirilməsinə şərait yaradacaq.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 12102-1:2025 “Kondisionerlər, mayeli soyutma sistemləri, istilik nasosları, texnoloji soyuducular və elektriklə işləyən kompressorlu quruducular - Səs gücü səviyyəsinin təyini - 1-ci hissə: Kondisionerlər, mayeli soyutma sistemləri, yerləşgənin isidilməsi və soyudulması üçün istilik nasosları, quruducular və texnoloji soyuducular”, AZS EN 12900:2025 “Soyuducu kompressorlar - Qiymətləndirmə şərtləri, kənarlaşma hədləri və istehsalçının effektivlik məlumatlarının təqdimatı”, AZS IEC 62552-1:2025 Məişət soyuducu avadanlıqları – Xüsusiyyətlər və sınaq üsulları – Hissə 1: Ümumi tələblər və AZS EN 14511-3:2025 Yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, maye soyutma sistemləri və istilik nasosları və elektriklə işləyən kompressorlu texnoloji soyuducular - Hissə 3: Sınaq üsulları dövlət standartları qəbul edilib.
Sözügedən standartlar yerləşgələrin isidilməsi və soyudulması üçün kondisionerlər, mayeli soyutma sistemləri və elektriklə işləyən kompressorlu quruducu texnikasının istifadə ediləcəyi sahələrdə effektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlı tələbləri müəyyən edir.
Bu standartların tətbiqi yuxarıda qeyd olunan avadanlıqların istismar keyfiyyətini təmin edəcək, enerji istehlakı ilə bağlı xərclərin azaldılması, daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsi ilə yanaşı iqtisadiyyatın bir çox sahəsində inkişaf və yeniliklər üçün şərait yaradacaq.
Qeyd edək ki, yeni dövlət standartları “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.