"Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin nəzdində olan Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası 2012-ci ilin may ayından etibarən fəaliyyət göstərir. Laboratoriyada 5 laboratoriya otağı – kimyəvi xassələrin təhlili otağı, fiziki xassələrin təhlili otağı, xromatoqrafiya otağı, fraksiya təhlili otağı, distillə otağı, eləcə də nümunələrin qəbul olunması, kimyəvi maddələrin saxlanması və kimyəvi qabların yuyulması üçün otaqlar mövcuddur.
Laboratoriya ən yeni texnologiya ilə istehsal edilmiş avadanlıq və ölçmə vasitələri ilə təchiz olunmuşdur. Laboratoriyada Amerika, Fransa, Yaponiya, Avstraliya firmalarından əldə edilmiş beynəlxalq tələblərə cavab verən 40-dan çox müasir avadanlıqlar mövcuddur. Sınaq laboratoriyasında normativ sənədlərə əsaslanaraq neft-qaz və neft-kimya məhsullarının (xam neft, təbii qaz, dizel yanacağı, kerosin yanacağı, benzin yanacağı, mühərrik yağları, sürtkü yağları, antifrizlər, lay suları, tullantı suları, yod, boya, emulsiyalar, yağ əsaslı laklar, tinerlər, yuyucu və ağardıcı casitələr, sabunlar, şampunlar, dezinfeksiyaedici vasitələr, naftalan yağları) fiziki-kimyəvi parametrləri analiz olunur.
Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" dövlət standartının tələblərinə uyğun olaraq akkreditə olunmuşdur.
Laboratoriyada aparılan sınaqların barədə məlumat
1. Benzin yanacaqlarında oktan ədədinin təyini
- Oktan ədədi benzin yanacağında izooktanın n- heptana nisbətini göstərir. Həmçinin yanacağın detanasiyaya davamlılığını ifadə edir.
2. Dizel yanacağında setan ədədinin təyini
- Setan (n-heksandekan və alfa metilnaftalin nisbəti). Setan ədədi nə qədər yüksək
olursa, onun mühərriki işəsalma xassəsi yaxşı, öz-özünə alışmanın yubanma müddəti az, yanacağın yanma dərəcəsi yüksək, kənar qarışıqlarda tüstünün miqdarı az olur.
3. Benzin və dizel yanacaqlarında sıxlığın təyini
- Yanacaqda əlavə qatqıların olmaması və alqı-satqı zamanı hesablama üçün vacibdir.
4. Benzin və dizel yanacaqlarında kükrdün təyini
- Kükürdün miqdarının aşağı olması, yanacaq yanarkən daha az kükürd qazları atmosferə atılır.
5. Benzin yanacağında aromatik karbohidrogen tərkibinin təyini
- Karbohidrogen tərkibi benzin yanacağının hansı komponentlərdən təşkil olmasını bildirir. Aromatik karbohidrogenlərin, benzolun və s. miqdarı normadan artıq olmamalıdır.
6. Dizel yanacağında donma temperaturunun təyini
- Aşağı temperaturlarda yanacağın işləmə qabiliyyətini xarakterizə edir.
7. Dizel yanacağında alışma temperaturunun təyini
- Alışma temperaturunun yubanma dövrünün aşağı olması, minumum olması mühərrikin səlis işləməsini təmin edir.
8. Dizel ynacağında sürtünmə əmsalının təyini
- Sürtünmə əmsalı mühərrikin hissələrinin bir-birini zədələmə xüsusiyyətidir, dizelin surtünmə əmsalı nə qədər aşağı olarsa, bir o qədər də mühərrikin hissələrinin bir- birini zədələməsi aşağı olar.
9. Dizel yanacağında kinematik özlülüyün təyini
- Kinematik özlülük yanacağın sistemdə axma sürətini xarakterizə edir.
10. Benzin yanacağında qətranların təyini
- Yanacaqda əlavə qatqıların olmasını, heptanda həll olmayan qarışıqların olmasını göstərir.
11. Yuyucu vasitələrdə aktiv maddələrin təyini
- Aktiv maddələr yuyucu vasitələrin yuyuculuq xüsusiyyətini xarakterizə edir.
12. Saç şampununda köpüklənmənin təyini
- Köpüklənmə şampunlarda yuma qabiliyyətini xarakterizə edir.
13. Üzvi boyalarda cızılmaya qarşı davamlılıq
- Boyalarda bu xüsusiyyət qurumadan sonra xarici təsir zamanı davamlılıqdır.
14. Üzvi boyalarda özlülük təyini
- Boyaların axıcılığını xarakterizə edir və səthə yayılması üçün vacibdir.
15. Üzvi boyalarda parlaqlığın təyini
- Günəş şüasının və ya istənilən şüanın boyada əksolunma qabiliyyətidir.
16. Təbii qazın karbohidrogen tərkibi
- Təbii qazda karbohidrogen tərkib, metan qazının miqdarı, istiliktörətmə qabiliyyəti vacibdir.