Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
Bununla yanaşı, Agentlikdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Xocalı qətliamının tarixi həqiqətləri, faciənin ağır nəticələri və onun beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər barədə çıxışlar dinlənilib. Qeyd edilib ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması, müharibə cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin təmin olunması faciə qurbanlarının qanının yerdə qalmadığını göstərir.
Tədbirdə Xocalı soyqırımına dair qısametrajlı film nümayiş etdirilib.



