17 may 2022-ci il tarixində Tvinninq layihəsi çərçivəsində Bakıda səfərdə olan Almaniya Standartlar İnstitutunun (DİN) ekpertinin iştirakı ilə “Üzümçülük və şərabçılıq məhsulları” (AZSTAND/TK 22) üzrə Texniki Komitənin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) direktoru Vüqar Səlimovun sədrliyi ilə ÜŞETİ-nin inzibati binasında növbəti iclası keçirilmişdir.
İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, ÜŞETİ-nin, Şərabçılıq Assosiasiyasının, Abşeron Şərab ATSC-nin, “May Valley” MMC-nin və “Az Granata”-nın nümayəndələri iştirak etmişdir.
İclas zamanı işlənib hazırlanmış “Qida xammalından alınan etil spirti və araq. Qaz xromatografiyası üsulu ilə həqiqiliyin təyini” və “Alkoqollu məhsul və onun istehsalı üçün xammal. Gətirilmiş ekstraktın kütlə qatılığının təyini üsulu” standart layihələri üzərində geniş müzakirələr aparılmışdır.
İclas zamanı son bir il ərzində üzümçülük və şərabçılıq sahəsinin inkişafı istiqamətində görülən işlərdən, Texniki Komitənin fəaliyyəti istiqaməti haqqında təkliflərdən və fəaliyyət planına daxil olan standartlardan ətraflı danışılmışdır.
Daha sonra qonaqlar İnstitutun yüksək keyfiyyətli müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyaların fəaliyyəti ilə yaxından tanış oldular və emal laboratoriyasında aparılan işlər nümayəndələr tərəfindən müsbət şəkildə qiymətləndirildi.
Tədbirin sonunda İnstitutda müxtəlif illər ərzində hazırlanmış şərabların dequstasiyası keçirildi. Dequstasiya zamanı DİN-in eksperti Ameli Banhart qeyd etdi ki, standart layihələrin müzakirəsində iştirak etmək onda xoş təəssüratlar yaratdı və institutda gedən işlərin nəticəsi olaraq hazırlanan şərabları yüksək dərəcədə qiymətləndirdiyini söylədi. Gələcəkdə birgə elmi fəaliyyət istiqamətində əməkdaşlıqların yaradılması və avropada bu şərabların tanıdılmasının zəruri olduğunu qeyd etdi.
Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin birgə yaratdığı “Üzümçülük və şərabçılıq məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin əsas məqsədi - üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların tətbiqi və dövlət standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və regional standartlaşdırma işlərində iştirak edilməsidir.