Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) birgə təşkilatçılığı ilə “İstixana effekti yaradan qazların validasiyası və verifikasiyası – validasiya və verifikasiya orqanlarına tələblər” (“GHG Validation & Verification – Requirements for Validation & Verification Bodies’’) mövzusunda təlim keçirilib.
“Yaşıl transformasiya üçün keyfiyyət infrastrukturu” (Quality İnfrastructure for Green Transfromation) layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən təşkil olunan təlim istixana qazlarının validasiya və verifikasiyası sahəsində müvafiq standartların qəbul edilməsi, o cümlədən sözügedən istiqamət üzrə akkreditasiya sxemləri haqqında yerli mütəxəssislərin maarifləndirilməsi məqsədilə həyata keçirilib.
Təlimdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Dövlət Ekoloji Ekspertiza Agentliyi və Milli Hidrometeorologiya Xidmətinin, eləcə də Azərbaycan Metrologiya İnstitutu (AzMİ), Azərbaycan Akkreditasiya Mərkəzinin (AZAK) və uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirən özəl qurumların nümayəndələri iştirak ediblər.
“Yaşıl həmrəylik ili” çərçivəsində təşkil olunan təlimdə beynəlxalq standartlar əsasında qəbul edilmiş AZS ISO/IEC 17029:2024/ISO 14065:2024, AZS ISO 14066:2024, AZS ISO 14064-1:2024, AZS ISO 14064-2:2024 və AZS ISO 14064-3:2024 dövlət standartları üzrə validasiya və verifikasiya orqanlarına, həmçinin istixana effekti yaradan qazlar (İQ) üzrə validasiya və verifikasiya orqanlarına dair tələblər barədə məlumat verilib. Bundan əlavə, İQ bəyanatları, İQ emissiyalarının monitorinqi və hesabatlar ətrafında fikir mübadiləsi aparılıb. Habelə ekoloji dayanıqlığın təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təlim zamanı əldə edilən biliklərin əhəmiyyətindən bəhs edilib.
Qeyd edək ki, sözügedən təlim “Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında yer alan istilik effekti yaradan qazların inventarlaşdırılması, o cümlədən monitorinq-ölçmə, hesabatlılıq və yoxlama (MRV) sisteminin inkişaf etdirilməsində faydalı olacaqdır .