İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) TAIEX layihəsi çərçivəsində Avropa Parlamentinin və Şurasının 31 mart 2004 tarixli 648/2004 nömrəli “on Detergents” Qaydaları əsasında “Yuyucu vasitələr üzrə milli texniki reqlamentin hazırlanması” mövzusunda seminar keçirilib.
Seminarda təlimçi kimi Aİ-dən olan ekspertlər - Bolqarıstanın Ətraf Mühit və Su Nazirliyinin Təhlükəli kimyəvi maddələr şöbəsinin müdiri Parvoleta Luleva və Avstriyanın İqlim Fəaliyyəti, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyinin Bölmə rəisinin müavini Renate Paumann çıxış edib.
26-28 sentyabr tarixlərində keçirilən seminar Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli 3721 saylı Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na dair Tədbirlər Planı çərçivəsində baş tutub.
Sözügedən qayda ətraf mühitin və insan sağlamlığının yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə bazarda yuyucu vasitələrin və səthi aktiv maddələrin sərbəst hərəkətini təmin etməyə yönəlmiş müddəaları müəyyən edir.
Tədbirdə Avropa Şurasının “Yuyucu vasitələr haqqında” 648/2004 Qaydalarında göstərilən tələblər, texniki sənədləşdirmə, yeni yanaşma, bioparçalanma, risklərin qiymətləndirilməsi, yuyucu vasitələr üzrə bazara nəzarətin aparılması və digər mövzular üzrə müzakirələr aparılıb.
Seminarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Xidmətin tabeliyində olan qurumlar və digər dövlət qurumlarından, özəl şirkətlərdən ümumilikdə 20-dən çox nümayəndə iştirak edib.