“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında 09 iyun 2021-ci il tarixində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Memorandum "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsi tərəfindən Baş direktorun müavini - baş direktor vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov və “Keyfiyyət Assosiasiyası” İB tərəfindən sədri Samir Novruzlu tərəfindən imzalanmışdır. Anlaşma memorandumunun imzalanmasında məqsəd texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi sahələri üzrə və ümumilikdə keyfiyyət infrastrukturu çərçivəsində mövcud işlərin və fəaliyyətlərin təşkili, yenidən təşkili, təkmilləşdirilməsi və yaxşılaşdırılması, ölkədə istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, beynəlxalq standartların tətbiqi və bütövlükdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, həmçinin bu sahələrdə ehtiyac ola biləcək digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsidir.