Cari ilin avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilmişdir. Tədbir “Şirvanşərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasından ibarət olmuşdur.
Festival günlərində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlərlə, yanaşı ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak etmişdir.
Dəyirmi masada Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev çıxış edərək ölkəmizdə şərabçılıq sahəsində keyfiyyət göstəricilərinin yüksəldilməsi, yerli məhsulların beynəlxalq bazarlarda alıcı kütləsi əldə etməsi və bu sferanın milli iqtisadiyyatda layiqli yerini tutması baxımından mütərəqqi beynəlxalq standartların əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” qeyd olunan sahənin inkişafı istiqamətində çox mühüm addımdır və Proqramın icrası çərçivəsində İnstitut tərəfindən şərabçılıq üzrə qabaqcıl beynəlxalq istehsal təcrübəsi, sınaq metodlarına dair ən müasir tələblərə cavab verən Avropa standartlarının milli səviyyədə qəbulu və tətbiqi məqsədilə mütəmadi qaydada işlər həyata keçirilir. N.Tağıyev yerli şərab istehsalçılarını milli standartlaşdırma qurumu ilə fəal əməkdaşlığa dəvət etdi və onlara hər zaman texniki dəstək göstərilməsinə hazır olduqlarını bildirdi.
Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və üzümçülüyün təşkili və monitorinqi şöbəsinin müdiri Tofiq Rzayev, üzümçülük və şərabçılıq sahəsində böyük təcrübəyə malik beynəlxalq ekspert Pizzi Angelo Antonio və başqaları çıxışlarında Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişaf təmayülləri, gələcək perspektivlər və mövcud problemlər haqda məlumat vermişdir.
Dəyirmi masa müzakirələrlə davam etmiş, sahənin inkişafına dair konkret təkliflər səsləndirilmişdir. Sonda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərab istehsalçılarının və somelyelərin master-klasları təşkil olunmuşdur.