Ölkədə yəhudi xalqına məxsus “Koşer” qaydalarına uyğun qida məhsulların hazırlanması və sertifikatlaşdırılması üzrə tələblərin müəyyən edilməsi məqsədilə AZS 914:2022 “Koşer qida. Ümumi rəhbəredici sənəd” dövlət standartı qəbul edilib.
Azərbaycan Dağ Yəhudiləri İcmasının dəstəyi ilə işlənib hazırlanan standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təsdiqlənib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Reyestrinə daxil edilib.
Dövlət standartı “Koşer” qaydalarına uyğun qida məhsullarının istehsalı zamanı qida zəncirində xammalın alınması, ilkin emalı, hazırlanması, qablaşdırılması, markalanması, daşınması, saxlanılması mərhələlərində riayət edilməsi vacib olan ümumi tələbləri, koşer qida məhsullarının sertifikatlaşdırılması qaydasını ehtiva edir.