Milli standartlaşdırma qurumu olan Azərbaycan Standartlaşdırma İnstitutunun 15 oktyabr 2019-ci il tarixli 192323400031 nömrəli əmri ilə “Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 20) yaradılmış, əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Texniki Komitənin əsas məqsədi neft, qaz və onlarla əlaqəli məhsul və materialların sahəsini tənzimləyən normative sənədlərin və texniki reqlamentlərin layihələrinin işlənib hazırlanması, normative sənədlərin layihələrinin razılaşdırılması, ekspertizası, dəyişiklik edilməsi, yoxlanmasından ibarətdir.
“Neft, qaz və onlarla əlaqəli məhsul və materiallar”ın standartlaşdırılması üzrə Texniki Komitəyə (AZSTAND/TK 20) sədrliyi Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu həyata keçirəcək. AZSTAND/TK 20-nin strukturuna Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), AMEA Neft-Kimya Prosesləri Institutu, AMEA Aşqarlar Kimyası İnstitutu, Azərbaycan Dövlət Neft Sənaye Universiteti və s. daxil edilib.
Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.